Azərbaycan multikulturalizminin banisi
Bəşəriyyətin keçdiyi çoxminillik inkişaf yoluna nəzər yetirdikdə, dahi tarixi şəxsiyyətlərin insanlığın, yaxud öz xalqlarının taleyüklü məsələlərində həlledici və mühüm rol oynadıqlarının şahidi oluruq. Məşhur şotlandiyalı filosof və tarixçi Tomas Karlaylın təbirincə desək, “ümumdünya tarixi – dahi şəxslərin tərcümeyi-halıdır”. Amma qeyd etmək lazımdır ki, tarix səhnəsinə çox şəxsiyyətlər gəlmiş-getmiş, lakin onların heç də hamısı öz xalqının xilaskarına çevrilə bilməmişdir. Ömrünü və fəaliyyətini daim xalqının tərəqqisinə həsr etmiş, Vətənin ən çətin anında isə qurtuluş yolunu göstərmiş bu cür liderlər nadir şəxsiyyətlərdir.
Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyev öz Vətəninin inkişafı və dünyada layiqincə tanınması yolunda yorulmadan mübarizə aparan belə nadir və seçilmiş şəxsiyyətlərdən olmuşdur. Məlumdur ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etsə də, xalqımız böyük çətinliklərlə üzləşmiş, ağır sınaqlara məruz qalmışdır. Müstəqilliyin ilk illərində ölkədə xaos, özbaşınalıq, anarxiya hökm sürmüşdür. O dövrdə hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasəti respublikamızı siyasi böhrana sürükləmiş, faktiki olaraq, dövlətimiz məhvolma təhlükəsi ilə üz-üzə qalmışdır. Məhz Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəmizin ən ağır məqamlarında əzmkarlıq nümayiş etdirərək, müstəqilliyin qorunması naminə addımlar atmış, xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı, müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi daxil olmuşdur. Buna görə də Azərbaycan xalqı əsl müstəqilliyə 15 iyun 1993-cü ildə – ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra nail oldu. Bununla əlaqədar Prezident İlham Əliyev qeyd edir: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır”.
Ulu öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamız Sovet İttifaqının geridə qalmış regionlarından ən sürətlə inkişaf edən respublikalarından birinə çevrilmişdir. Belə ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, milli kadrların hazırlanması, azərbaycanlı gənclərin elmi-texniki və mədəni potensialını yüksəltmək, ölkəmiz üçün son dərəcə vacib olan ixtisaslara yiyələnmək üçün keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər sahələrdə əldə olunan nailiyyətlər Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Təbii ki, xalqının taleyində bu cür mühüm rol oynamış, doğma Vətəninin çiçəklənməsi naminə böyük töhfələr vermiş belə dahi şəxsin taleyüklü anda hakimiyyətə qayıdışı cərəyan edən ictimai-siyasi və tarixi proseslərin labüd nəticəsi idi.
Ulu öndər Heydər Əliyev hakimiyyətə yenidən gəlməsi ilə Azərbaycanda baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, ölkədə sabitlik bərqərar edilmiş, qanunsuz silahlı birləşmələr tərksilah olunaraq, vahid komandanlıq sistemində nizami ordu yaradılmış, dinc quruculuq işlərinə başlanılmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açılmışdır. Bununla yanaşı, ümummilli liderin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə respublikamızın bütün sferalarında, o cümlədən beynəlxalq münasibətlər, iqtisadiyyat, kənd təsərrüfatı, humanitar-mədəni və sosial sahələrdə sürətli inkişaf prosesi baş vermişdir. Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində bu barədə demişdir: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, çoxşaxəli idarəçilik və dövlətçilik fəaliyyətindən bəhs edərkən respublikada etno-konfessional durumun tənzimlənməsi istiqamətində göstərdiyi səyləri xüsusi qeyd etməliyik. Çünki Azərbaycan kimi multietnik və polikonfessional xarakterə malik olan ölkələrin rifahı və inkişafı bilavasitə etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətlə bağlıdır. Bununla yanaşı, ölkədə mövcud olan etnik-mədəni, dini müxtəlifliyin qorunması və etno-konfessional münasibətlər sahəsində düzgün siyasətin həyata keçirilməsi milli təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biridir.
Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində hakimiyyəti ələ keçirərək şəxsi mənafeləri naminə ölkəni xaosa sürükləyən AXC-Müsavat cütlüyü bu həqiqəti dəyərləndirməmiş, etno-konfessional münasibətlərin tənzimlənməsi sahəsində kobud nöqsanlara yol verərək tarixən tolerantlığı və multikultural dəyərləri ilə seçilən Azərbaycanda millətlərarası həmrəyliyə böyük ziyan vurmuş, ölkədə bölücülük siyasəti apararaq cəmiyyətdə nifaq toxumu səpmişdir. Bu yarıtmaz və səriştəsiz siyasət, eləcə də xarici güclərin təhriki nəticəsində respublikada separatçı təmayüllər baş qaldırmış, Azərbaycanın bütövlüyünə və müstəqilliyinə ciddi təhlükə yaranmış, ölkə az qala vətəndaş müharibəsi girdabına yuvarlanmışdı.
Həmin dövrdə ölkəmizdəki bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Etnik-mədəni, dini zənginliyə malik olan Azərbaycanda etno-konfessional durumun tənzimlənməsi, bu sahədə sağlam mühitin təmin olunması, etnik-dini müxtəlifliyin qorunması üçün güclü siyasi iradə, dövlətçilik təcrübəsi tələb olunurdu. Ulu öndər Heydər Əliyev bu xüsusiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyət kimi belə ağır işin öhdəsindən məharətlə gəldi. Ulu öndər azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi Vətən naminə həmrəyliyə dəvət etdi.
O, Azərbaycan əhalisinin çoxmilli tərkibini bizim sərvətimiz, üstünlüyümüz hesab edərək, bunu qiymətləndirməyi və qorumağı tapşırdı. Ulu öndər Azərbaycan əhalisinin çoxmilli olmasının əhəmiyyəti ilə bağlı deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
2006-cı il noyabrın 1-də Prezident İlham Əliyev Gədəbəy rayonunun Slavyanka kəndinin rus əhalisi ilə görüşərkən həmin dövrdə cərəyan edən ictimai-siyasi proseslər barədə demişdir: “...Hakimiyyətdə olan Xalq Cəbhəsinin adamları ölkəni, əslində, uçuruma, dağılmağa doğru aparırdılar. Onlar bir ildə nəinki iqtisadiyyatı dağıtdılar, ölkəni, əslində, hərc-mərcliyə sürüklədilər, həm də Azərbaycanın həmişə məhz fəxr etdiyi millətlərarası həmrəyliyə çox böyük ziyan vurdular. İqtisadiyyatı, fabrikləri bərpa etmək olar, amma əmin-amanlığı, xoş münasibətləri, etimadı bərpa etmək çətindir. Odur ki, əgər Heydər Əliyev hakimiyyətə bir il gec gəlsəydi, nə olacağını, ümumiyyətlə, təsəvvür etmək çətindir. Lakin o, qayıdan kimi bütün bunlara son qoydu. Ölkə on il ərzində məhz belə inkişaf etdi, indi də üç ildir bu cür inkişaf edir. Əminəm ki, bu siyasət Azərbaycanda əbədi olacaqdır. Xəttimiz əbədi olacaq, ona görə də heç kim narahatlıq keçirməməlidir. Əksinə, indi eşidirəm ki, əvvəllər çıxıb gedənlərin bəziləri geri qayıdırlar. Bu proses gedəcəkdir”.
Əslində, “kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisini irəli sürən və azərbaycançılıq məfkurəsini dövlət ideologiyası məqamına yüksəldən ulu öndərin çiyinlərinə bu müqəddəs amal uğrunda çox ağır yük düşmüşdü. O dövrdə Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxmasını istəməyən daxili və xarici qüvvələr vətəndaş həmrəyliyinin nail olunması uğrunda əzmlə çalışan ümummilli liderə hər vəchlə mane olmağa çalışırdılar. Lakin Azərbaycan xalqının Heydər Əliyevə verdiyi böyük dəstək sayəsində çirkin təxribatların sonu uğursuzluqla nəticələndi, etno-konfessional durumun tənzimlənməsi sahəsində mövcud olan nöqsanlar aradan qaldırıldı, ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında qarşılıqlı etimad, anlaşma və dostluq münasibətləri qorunaraq daha da möhkəmləndirildi. Beləliklə, ümummilli lider ölkədə vətəndaş həmrəyliyinin, cəmiyyətdə vəhdətin qurulmasına nail oldu. Çünki ölkəmizdə birliyə çatmağın yeganə düzgün yolu azərbaycançılıq konsepsiyasını elmi-nəzəri səviyyədən dövlət ideologiyası müstəvisinə qaldırmaqdan keçirdi.
Görkəmli akademik Ramiz Mehdiyev 9 noyabr 2007-ci il tarixdə mətbuatda dərc olunan “Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi” adlı məqaləsində azərbaycançılığın müstəqilliyimizin ilk illərində baş qaldıran ifrat millətçi və separatçı çağırışlar fonunda mübarizə ideyası kimi meydana çıxdığını bildirərək yazır: “O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhvali-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi “Azərbaycançılıq” artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər”.
Akademik R.Mehdiyevin qeyd etdiyi kimi, azərbaycançılıq məfkurəsi milli ideologiya olaraq ictimaiyyət tərəfindən tez dəstək görmüşdür. Bunun isə səbəbi odur ki, yalnız bu ideya ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrini ümumi tarix, mədəniyyət və mənəvi dəyərlər, ümumi ünsiyyət dili ətrafında, bir sözlə, vahid ideologiya çətiri altında birləşdirməyə qadirdir. Başqa cür desək, azərbaycançılıq – müstəqil Azərbaycanda ölkənin bütövlüyünün, birlik və həmrəyliyinin ümumiləşmiş ifadəsi, müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdəti, Azərbaycanı özünə Vətən hesab edən bütün xalqları birləşdirən ideyadır.
Azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən birini multikulturalizm təşkil edir. Məlum olduğu kimi, multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti – etnik-mədəni müxtəlifliklərin qorunmasını əks edir. Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi milli azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titul etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin yaradır və bununla da cəmiyyətdə inteqrasiya proseslərini möhkəmlədir. Azərbaycançılıq ideologiyasının əsasında vətəndaş həmrəyliyi və ictimai birliyə nail olmaq məqsədilə etnik-mədəni, dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin inkişafı üçün münbit şəraitin yaradılması prinsipi durur. Şovinizm, irqi, etnik və dini ayrı-seçkilik, separatçılıq, diskriminasiya kimi anlayışlar azərbaycançılıq ideologiyasına ziddir. Məhz belə universal, mütərəqqi və humanist yanaşma dövlətçilik fəlsəfəmizin təməlini təşkil edir. Bu isə o deməkdir ki, azərbaycançılıq etnik-mədəni, dini müxtəlifliyin dövlətçilik maraqları naminə uzlaşmasını təmin edir. Ulu öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində bu barədə demişdir: “Azərbaycançılıq – öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Başqa bir çıxışında ümummilli lider bəyan etmişdir: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dinindən, irqindən, siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Gördüyümüz kimi, ümummilli lider öz çıxışlarında Azərbaycanın çoxmillətli bir dövlət olduğunu bildirmiş, eləcə də azərbaycançılıq məfkurəsinin sosial-fəlsəfi mahiyyətini şərh edərkən, bu ideologiyanın tərkib hissəsi olaraq ölkəmizdə yaşayan bütün xalqların özünəməxsus milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunduğunu, yəni multikulturalizmin azərbaycançılıq ideologiyasının tərkib hissəsi olduğunu vurğulamışdır.
Odur ki, ulu öndər azərbaycançılıq məfkurəsini dövlət ideologiyası səviyyəsinə qaldırmaqla yanaşı, həm də Azərbaycanda multikulturalizm siyasətinin banisi və memarı sayılır.
Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən ölkəmizdə yaşayan azsaylı xalqların, etnik qrupların hüquq və azadlıqlarının qorunmasına, onların maddi-mənəvi tələbatlarının ödənilməsinə böyük həssaslıqla yanaşmış, bu məsələni daim öz diqqət mərkəzində saxlamışdır. Məhz onun təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, dil, adət-ənənələrinin mühafizəsi və inkişaf etdirilməsinə hüquqi baza yaradılmışdır. Ümummilli liderin hakimiyyəti dövründə qəbul edilən bir sıra qanunlarda azsaylı xalqların milli kimliyinin qorunmasına əsaslı təminat verilmişdir.
Ulu öndərin əsasını qoyduğu multikulturalizm siyasəti Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını təmin etmişdir. Bu, özünü ilk növbədə dörd əsas məqamda göstərir: 1. Ölkəmizdə dini azadlıqların təmin edilməsində; 2. Bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasında; 3. Dini icmaların fəaliyyətinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində; 4. Dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında.
Həmçinin Heydər Əliyev dövlət-din münasibətləri sahəsində bir sıra ilklərə imza atmışdır. Belə ki, Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilən iftar mərasimində Azərbaycandakı bütün dini konfessiya liderlərinin dövlət başçısı ilə bir süfrə ətrafında yığışmaq ənənəsinin əsasını qoymuşdur. Hazırda bu gözəl, multikultural ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Eyni zamanda, 16 noyabr Beynəlxalq Tolerantlıq Günü ilk dəfə Azərbaycanda 1999-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və ölkəmizdəki dini konfessiyaların başçılarının iştirakı ilə qeyd edilmişdir.
Bununla yanaşı, ulu öndər Heydər Əliyev ölkəmizdəki müsəlmanlara, xristian və yəhudi icmalarına əlamətdar dini günlər və bayramlarla bağlı təbrik məktubları ünvanlamış, onların müraciətlərinə böyük diqqətlə yanaşmışdır. Buna nümunə kimi, molokanların kompakt halda yaşadıqları İsmayıllı rayonunun İvanovka kəndini göstərmək mümkündür. Ötən əsrin 90-cı illərində həmin kəndin rus əhalisi Heydər Əliyevə müraciət edərək İvanovkadakı kolxoz kənd təsərrüfatı sisteminin saxlanılmasını xahiş etmişdir. Ulu öndər bu kəndin əhalisinin xahişinə böyük həssaslıq göstərərək İvanovkada kolxozun saxlanılması barədə göstəriş vermişdir. Bu isə kənd sakinləri üçün həyati əhəmiyyət kəsb edən qərar olmuşdur. Çünki hazırda Nikolay Vasilyeviç Nikitinin adını daşıyan həmin kolxozun sayəsində kənddəki molokan icması varlığını qoruya bilmişdir.
Heydər Əliyevin Azərbaycanda multikultural dəyərlərin qorunması və inkişafı sahəsinə verdiyi töhfələr haqqında danışarkən qeyd etmək lazımdır ki, məhz onun təşəbbüsü ilə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun 28 dekabr 1998-ci il tarixli qərarı əsasında Bakı və Xəzəryanı Yeparxiya bərpa edilmişdir. Bu isə ölkəmizdə yaşayan Rus Pravoslav İcmasının həyatında tarixi əhəmiyyət kəsb edən əlamətdar hadisə olmuşdur. Bununla yanaşı, 2002-ci ildə Heydər Əliyevin dəvəti ilə Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel Azərbaycanı ziyarət etmiş, habelə ulu öndərin göstərişi ilə katolik məbədinin inşası üçün Bakının mərkəzində böyük bir ərazi ayrılmışdır. Bütün bunlar ölkəmizdəki azsaylı katolik icması üçün əhəmiyyətli hadisəyə çevrilmişdir.
Göstərilən faktlar bir daha sübut edir ki, ictimai-siyasi fəaliyyəti boyu Azərbaycanda tolerant dəyərlərin və dini-etnik müxtəlifliyin qorunmasına böyük əhəmiyyət verən dahi lider mültikulturalizm siyasətini sözdə deyil, əməldə həyata keçirmişdir.
Burada onu da qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayarkən ölkəmizdə bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Dövlət başçısı bu ilin 2-3 may tarixlərində Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirmişdir: “Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik…Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk…”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilən ölkəmizdə tolerant və multikultural dəyərlərin inkişafı istiqamətində dövlət tərəfindən mühüm tədbirlər görülür. Bunun ən bariz nümunələrindən biri tolerantlığın, habelə mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasıdır.
Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm onun xarici siyasətinə də müsbət təsir göstərir, daha konkret desək, onun səmərəliliyini artırır. Ölkənin daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin onun xarici siyasətinə təsir etməsi təsadüf deyil. O, bir növ qanunauyğunluqdur. Bu qanunauyğunluq daxili və xarici siyasət arasında olan münasibətdən irəli gəlir. Bu münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkarlığına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən biridır.
Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynaması ideyasına əsaslanaraq, Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkənin xarici siyasətinə müsbət təsir göstərdiyinin nəticəsində xarici siyasət sahəsində əldə etdiyi müəyyən uğurların səbəblərini anlamaq mümkündür. Əgər ölkə daxilində Azərbaycan Respublikasının multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafına imkan verir. Bu isə öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradır. Odur ki, bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atmışdır. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuş “Bakı prosesi”ni qeyd etmək olar.
Ötən il on illiyini qeyd etdiyimiz və qlobal hərəkata çevrilmiş “Bakı prosesi” müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən və Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanda keçirilmişdir.
Prezident İlham Əliyev bu il martın 14-16-da Bakıda keçirilən VII Qlobal Bakı Forumundakı çıxışında “Bakı prosesi”nin önəmini belə ifadə etmişdir: “Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək Bakı prosesinə start verdi. Ötən il biz Bakı prosesinin 10-cu ildönümünü qeyd etdik. Bu, bizim İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini birgə toplantıya dəvət etməyimizlə başladı. Bu, çox uğurlu oldu və beləliklə, növbəti il biz daha bir görüş keçirdik və sonra, BMT tərəfindən dəstəklənən bu format Bakı prosesi adlandırıldı. Bu, 100-dən çox ölkəni əhatə edən həmin iki böyük beynəlxalq təşkilat arasında qarşılıqlı əlaqə və müzakirələrin yeganə formatıdır”.
Qeyd edək ki, “Bakı prosesi” çərçivəsində 5 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011-ci, 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə), 6 Bakı Beynəlxalq Humanitar Forumu (2011-ci, 2012-ci, 2013-cü, 2014-cü, 2016-cı və 2018-ci illərdə), Dünya Dini Liderlərinin Sammiti (2010-cu ildə), eləcə də Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu (2016-cı il) keçirilmişdir. Bu ilin noyabr ayının 14-15-də isə “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi nəzərdə tutulmuşdur.
Ulu öndərin memarı olduğu Azərbaycanın multikulturalizm siyasətinin əhəmiyyətini beynəlxalq ekspertlər, xarici diplomatlar, KİV nümayəndələri, ölkəmizə səfər edən qonaqlar daim vurğulayır, öz çıxışlarında bu siyasətin dünya üçün bir model olduğunu ifadə edirlər. Məsələn, tanınmış çilili jurnalist Markos Borkoski “Azərbaycan: dini birgəyaşayışın vadisi” başlıqlı məqaləsində bunları demişdir: “Azərbaycan müsəlman ölkəsidir, amma burada katolik, pravoslav məzhəblərinə və yəhudi dininə etiqad edənlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu gün bu barədə yazmaq xəyal, təxəyyül və ya inanılası çətin hekayə kimi səslənə bilər. Amma bu, bir həqiqətdir, reallıqdır”.
ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü, Xristian Liderlərin Təriqətlərarası Konqresinin banisi Coni Mur ötən ilin dekabr ayında ölkəmizə səfəri zamanı şahidi olduğu dini etiqad azadlığı sahəsində Azərbaycan həqiqətlərini belə ifadə etmişdir: “Mən Azərbaycanda birlikdə namaz qılan sünni və şiə din xadimləri, birgə ibadət edən pravoslav və protestant xristianları, əmin-amanlıqda yaşayan yerli yəhudi icmasını gördüm”.
Beləliklə, ulu öndər Heydər Əliyevin memarı olduğu multikulturalizm siyasəti sayəsində bu gün Azərbaycan dünyada ümumbəşəri, universal dəyərlərin qorunduğu, sülh mühitinin və harmonik birgəyaşayışın hakim olduğu nadir məkan kimi tanınır. Azərbaycan bütün dünyaya özünün multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni müxtəlifliyin ən mütərəqqi tənzimlənmə modellərindən biri olan multikulturalizmin Azərbaycan modelini təqdim edir.
Etibar Nəcəfov,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor