AZƏRBAYCAN – İKİNCİ DOĞMA VƏTƏNİM
Gəlin Azərbaycanı tanıyaq
Dr. Seyfu Tirfi
Beynəlxalq Ortodoks Xrisitan Xeyriyyə Təşkilatının
ölkə üzrə nümayəndəsi
“O zaman müharibənin viran qoyduğu ölkəm Efiopiyanı tərk edəndə mənim ümdə məqsədim sevdiyim mühəndislik peşəsini öyrənmək və geri dönüb ölkəmə xidmət etmək idi. Amma heç də belə olmadı. Ölkəmi tərk edib adını belə bilmədiyim bir ölkəyə gəlməklə mən təkcə təhsil almadım, burda gələcək həyat yoldaşıma rast gəldim, iki övladım dünyaya gəldi, doktorluq dərəcəsi qazandım, yaxşı iş tapdım, bol sevgi və xoşbəxtlik içində yaşadım, Efiopiyada qalsaydım, heç də bunlardan artığına nail olmayacaqdım”.
Ölkəmdən kənara ilk səfərim keçmiş Sovet İttifaqının paytaxtı Moskvaya olmuşdu. Bu səyahət 1989-cu ilin avqustunda o zaman qazandığım təqaüd sayəsində baş tutmuşdu. 1989-cu il. Gözəl Moskva şəhərində 3 gün qaldıqdan sonra məni təyinat aldığım şəhərə aparacaq qatarla səyahətə başladım: Azərbaycan Sovet Respublikasının paytaxtı Bakı şəhərinə. Mənim indi həyat yoldaşım olan xanım Bileyneş Nida isə, Allahın qurduğu planla, öz yolunu dəyişərək təyinat aldığı şəhərdən Bakıya gəlmişdi. Bizim ilk görüşümüz dəmiryol vağzalında oldu. Beləliklə, qatarla iki gün yol qət edəndən sonra gəlib Bakıya çatdıq.
Bakı haqqında ilk təəssüratım belə idi: o necə də mənim doğulduğum və böyüyüb boya-başa çatdığım Harar şəhərinə bənzəyirdi; xüsusilə Hararda Caqol divarı olduğu kimi, burada da ərazisi divarla hasara alınmış, bayırdan az sayda qapıları və içəridən ensiz yolları olan köhnə şəhər. Zaman keçdikcə, mən gördüm ki, əslində Bakı fars, Avropa və Sovet mülki mühəndisliyinin və memarlıq işinin öz ağuşuna aldığı bir şəhərdir.
O zaman Bakıda ali təhsil alan çoxlu efiopiyalı və digər millətlərdən olan tələbələr var idi. Dil təlimilə məşğul olarkən kampusumuzun bütün dünyanı təmsil edən tələbələrdən ibarət olduğunu demək mübaliğə olmazdı. Burada bir çox Afrika ölkələrindən tutmuş ərəb ölkələri, Asiya, Latın Amerikası ölkələrinədək hardan desən adamlar var idi. Yadımdadır, hər yandan, xüsusilə də bayram günlərində, müxtəlif ölkələrin ənənəvi musiqilərinin səsi-sədası gələrdi.
1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan öz qapılarını dünyaya daha geniş açdı. “Gəlin! Birlikdə işləyək!” deməklə, Azərbaycan və xüsusilə də Bakı dünyanın hər tərəfindən investorların axışdıqları bir yerə çevrildi ki, bu da şəhərə beynəlmiləl abı-hava bəxş etdi. Sakinlərinin qonaqpərvərliyi və xeyirxahlığı Azərbaycanı uyğunlaşmaq üçün asan bir ölkəyə çevirdi.
Moskvadan Bakıya qatar səyahəti zamanı Bileyneşlə mənim aramda başlamış tanışlıq Bakıda yaşadığımız bir il ərzində möhkəm münasibətə çevrildi.
Sovet İttifaqının dağılması iqtisadi tənəzzülə, siyasi burulğana, eləcə də Ermənistanın Azərbaycan ərazisini zəbt etməsinə gətirib çıxardı. Bu işğal elə bir əməl idi ki, onu BMT dəfələrlə suçlamışdı, bu, bir çox azərbaycanlını yerindən-yurdundan eləmiş, ölkədə ciddi problemlərə səbəb olmuşdu. Bunlara rəğmən, əksər efiopiyalı tələbələr hələ də sorağı ilə gəldikləri təhsili tamamlamaq əzmində idilər. Müəllimlərimizin, tələbə yoldaşlarımızın, eləcə də efiopiyalı həmvətənlərimizin dəstəyi həqiqətən də həmin zamanın sınağından çıxmağımıza kömək etdi.
1995-ci ildə təhsilimi bitirdikdən və fərqlənmə diplomu aldıqdan sonra (həyat yoldaşım Bileyneş də həmin il məzun oldu) mən əsasən məcburi köçkünkərə yardım məqsədi daşıyan qeyri-hökumət təşkilatı – “World Vision”da işləməyə başladım. Bu imkan Azərbaycan, onun irsləri və onların dəyərləri haqqında daha geniş şəkildə öyrənmək üçün mənə qapı açdı. İşim mənə ölkənin müxtəlif tərəflərinə səfər etmək imkanı verirdi ki, nəticədə bu balaca (Efiopiyada Tigray regionunun ölçüsündən böyük olmayan) ölkənin necə hərtərəfli landşafta və zəngin ənənələrə malik olduğu mənim üçün aydınlaşırdı. Məsələn; portağal, limon və çay yarpaqlarının becərildiyi tropikə-bənzər bölgə olan Lənkəran, qara bürünmüş Bazardüzünə Şəfəq dağları, Kür çayı ətrafındakı dəniz səviyyəsindən aşağı ərazi və səhraya-bənzər sahə və əlbəttə ki, Qafqaz dağlarının böyük silsiləsi. Kiçik Azərbaycana bu sərf-nəzər sübut edir ki, onda dünyanın bütün rəngarəng mənzərələri və iqlimləri var. Azərbaycanlılar bu faktı fəxrlə qeyd edirlər.
Həyatımızın yeni gözəl bir fəsli həyat yoldaşım iki qızımızı dünyaya gətirəndə başladı: Beti və Meri. İşlə əlaqədar biz hamımız Bakıdan Mingəçevir adlanan bir şəhərə köçdük. Bizə Azərbaycanın bir neçə şəhərinə və kənd yerlərinə getmək də nəsib oldu. Bu səyahətlər bizə xalqın itaətkarlığını, xeyrixahlığını və ölçüyə- və müqayisəyəgəlməz dəyərlərini yaxından anlamaqda kömək etdi. Qubanın gözəl əl xalçaları, Lahıcın heyranedici zərgərlik işləri, Şəkinin paxlavası və ipək məhsulları, Göyçayın narı və narının şirələri, Qobustanın qədim açıq muzeyi, nadir palçıq vulkanları (lava əvəzinə palçıq püskürən vulkanlar), bütün il boyu Bakıda yerin altından çıxan təbii alov (Yanar dağ), Atəşgahda atəşpərəstlərin müqəddəs yeri, siyahı elə hey davam edir. Bunların hamısından da üstünü odur ki, Azərbaycan dünya üzrə UNESCO-nun 9 qeyri-maddi və iki maddi irsinə fəxrlə sahiblənir.
Azərbaycanla bağlı heç zaman unutmayacağım şeylər arasında “Bazar” adlanan yerli alış-veriş yerləri durur. İlbəil Bazar gözqamaşdırıcı tərzdə nümayiş etdirilən, buna görə də insanı özünə aludə edən çeşid-çeşid tərəvəzlər və meyvələr, kənd heyvanlarından alınan ərzaq və məhsullar təklif edir! Alver edənlərlə məhsulun qiymətini salmaq üçün sövdələşmə cəhdləri, bizim afrikalı olduğumuzu biləndə satıcıların qiymətdə ürəyiyumşaqlıqla etdikləri endirimlər və əlbəttə, malları havayı götürmək üçün təkliflər Bazarla bağlı heç vaxt unutmayacağım şeylərdəndir.
Yay vaxtı gələndə amansız istidən qaçmaq üçün yollar axtarmağa çalışardıq. Çox vaxt ailəmlə yığışıb şəhər ətrafında həmişəyaşıl meşələrə səyahət edərdik, elə orda çadır qurub düşərgə salardıq. Yerlilər heç zaman hörmətsizlik göstərməzdilər, ancaq həmişə xoşrəftar olardılar. Getdiyimiz gözəl təbii istirahət məkanlarına Zaqatala, Oğuz, Qax, Qəbələ, Şəki, Şamaxı, Tovuz, Qusar, Xaçmaz, Masallı, Lənkəran, Gəncə, Gədəbəy, İsmayıllı və bir çox başqaları daxildir. Bütün bu yerlərdə yaşadığımız xatirələr həmişəlik bizimlə qalacaq. Səfərlərimiz zamanı biz tez-tez qəlbimizə yol tapan ənənəvi musiqi dinlərdik. Belə mahnılardan biri (“Tezeta” adlanan Amhar mahnısına bənzər) muğamdır. İndi muğam dünya mədəniyyət irsi kimi qeydə alınıb.
Azərbaycandan mənə qalan başqa bir yaxşılıq 1995-ci ildə mühəndislik üzrə magistr dərəcəsinə layiq görüləndən bir neçə il sonra doktorluq üzrə tədqiqat aparmaq üçün təklif almağım oldu. 2005-ci ildə mühəndislik sahəsində doktorluq dərəcəsi aldım. İşdə ölkə üzrə nümayəndə vəzifəsinə qədər yüksəldim, altı il 2010-cu ilədək bu vəzifəni tutdum. Arvadım Bileyneş də altı il uşaqlarımın oxuduqları məktəbdə – Bakı beynəlmiləl məktəbində mühasib vəzifəsində çalışdı.
Uşaqlarım böyüdükcə, onların mənsubiyyəti ciddi məsələyə çevrildi. Azərbaycanda doğulub böyüsələr də, valideynlərinin vətəni Efiopiya haqqında öyrənməyə can atırdılar. Xüsusilə də məktəb yoldaşları öz vətənlərinə qayıdanda uşaqlarım tez-tez soruşurdular ki, onlara nə vaxt öz vətənlərinə qayıtmaq imkanı nəsib olacaq. Bundan az sonra bizim Azərbaycandakı iyirmi bir illik yaşayışımız sona çatdı, yəni 2010-cu ilin iyulunda biz hamımız Efiopiyaya köçdük. Ondan əvvəl mütəmadi olaraq Efiopiyaya getdiyimizdən, köç elə də çətin deyildi. Zaman keçdikcə Azərbaycana aid ən yaxşı xatirələrimiz bizə sarı qayıdır. Məsələn, təndir çörəyi, zavod çörəyi, lavaş, kabab (lülə, tikə, basdırma), piti, plov, qutab, ləvəngi, dolma, düşbərə, küftə sevimli şirniyyatılarımız paxlava və şəkərbura kimi heç vaxt bezmədiyimiz sevimli yeməklərimizin xatirəsi. Biz burada, Efiopiyada onları hazırlamağa cəhd edirik, amma heç vaxt onları əslində daddıqları kimi edə bilmirik. Novruz bayramı ilə bağlı xatirələrimiz xüsusilə unudulmazdır, bu hiss Efiopiyanın Yeni ilində keçirdiklərimiz hisslərə çox oxşayır.
Azərbaycanda tapdığımız və özümüzə ikinci ailə sandığımız yaxın dostlarımız tez-tez bizə Efiopiyaya gəlirlər. Biz də günlərin birində Azərbaycana qayıtmağı arzulayırıq. Allahın mərhəmətilə, bir gün arzularımıza qovuşacağımıza inanıram.
Bu fürsətdən istifadə edərək indi Azərbaycanı özümə ikinci doğma ocaq saymağıma layiq mənə hədsiz hörmət göstərmiş böyük Azərbaycan xalqına təşəkkürlərimi bildirmək istərdim.
Mətnin ingiliscəyə tərcüməsi Meri Tirfi məxsusdur.
İngiliscə mətnin redaktoru Seyfu Tirfidir.