Xətai rayonunun məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
Martın 31-də Xətai rayonunun 249 saylı orta məktəbinin şagirdləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olublar.
Mərkəzlə tanışlıqdan sonra keçirilən görüşdə qonaqlar 31 Mart Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BBMM-in icraçı direktoru Azad Məmmədov tədbiri açaraq məktəblilərə Azərbaycan tarixinə qanla yazılmış 31 Mart soyqırımı haqqında məlumat verib: “ 1918-ci il martın 31-dən başlayaraq aprelin 2-dək erməni daşnak və bolşevik dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirlib, çoxlu sayda yaşayış binaları, məscidlər yandırılıb, əhalinin əmlakı qarət edilib. Bu faciə nəticəsində Bakıda 11 mindən, Şamaxı qəzasında 16 mindən, Quba kəndlərində 2 mindən çox günahsız insan qətlə yetirilib. Daşnaklar həmin tarixdə Zəngəzur, Naxçıvan, Lənkəran, Muğan və Dağlıq Qarabağda yüzlərlə kəndi yandırıblar.
Ümummilli lider Heydər Əliyevin 26 mart, 1998-ci il tarixli sərəncamına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir, dünyanın müxtəlif ölkələrində bu qanlı faciəyə həsr olunmuş tədbirlər, görüşlər keçirilir”.
İcraçı direktor sonra BBMM-in yaranması və fəaliyyəti haqqında məktəblilərə məlumat verib: “Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılan Mərkəzin əsas məqsədi multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqi, Azərbaycan multikulturalizmi və tolerantlığı ənənələrini dünyada təbliğidir”.
BBMM-in Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə məktəblilərə multikulturalizmin mahiyyəti, Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri ilə bağlı məlumat verib. N. Qasımzadə vurğulayıb ki, multikulturalizmi başlıca siyasi prioritetlərdən birinə çevirən dövlətimiz ölkəmizdə tarixən mövcud olan çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi istiqamətində əhəmiyyətli təşəbbüslər irəli sürür, mühüm layihələr həyata keçirir.
Canlı dialoq şəraitində keçən görüşdə şagirdlər multikulturalizm və tolerantlıq ənənələri ilə bağlı fikir və düşüncələrinin bölüşüblər. Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Sonda sözügedən məktəbin direktoru Nizami Bayramov çıxış edərək Mərkəzin rəhbərliyinə yaddaqalan görüş üçün minnətdarlığını bildirib.
Запись Xətai rayonunun məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.