Polşada multikulturalizm dərsləri davam edir

Multikulturalizm Azərbaycanın həyat tərzi və dövlət siyasətidir. Ölkəmizin bu istiqamətdə fəaliyyəti, təkcə multikultural və tolerant dəyərləri qoruyub inkişaf etdirməklə yekunlaşmır. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan və artıq 7 ilə yaxındır fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü işlər də öz yüksək nəticəsini verməkdədir. Mərkəzin tədris layihəsi çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları ilə qurduğu səmərəli əməkdaşlıq uğurla davam etdirilir. “Azərbaycan multikulturalizmi" fənninin tədrisinin daha geniş coğrafiyanı əhatə etməklə bərabər, həm də öz təsir dairəsi və gücünü artırma istiqamətində ciddi işlər görülür. Azərbaycan multikulturalizmi modelinin elmi müstəvidə öyrənilməsi və araşdırılması, gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə universitetlərinin qoşulması Mərkəzin hədəfləri sırasındadır.

Mövcud pandemiya şəraitində BBMM xarici ölkələrdə tədris və təbliğat işlərini mümkün olduğu qədər online şəkildə həyata keçirməyə çalışır. Bu məqsədlə Polşanın Vrotslav Universitetində “Azərbaycan multikulturalizmi” kursunun yaz semestrindəki tədrisi də online şəkildə start götürüb. Klassik Aralıq dənizi və Şərqşünaslıq Araşdırmaları İnstitutunun  filologiya fakültəsində mart ayının 3-dən etibarən başlanan dərslər aprelin 30-dək davam edəcək. 10-a yaxın xarici tələbənin iştirak etdiyi dərslərdə Azərbaycan multikulturalizmi modelinin özəllikləri, ölkədəki etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda mühazirələr oxunacaq, müzakirələr aparılacaq. Onu da qeyd edək ki, Polşanın Vrotslav Universitetində Azərbaycan multikulturalizmi kursunu  İlahə Kərimova  tədris edir.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

Etiketlər