Ağcabədidə “Multikulturalizm və kitab” mövzusunda zona konfransı keçirilib

 

Foto Ağcəbədi 1

İyulun 8-də Ağcabədi rayon mədəniyyət evində “Multikulturalizm və kitab” mövzusunda zona konfransı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının, “Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan konfransda ətraf rayonlardan olan mədəniyyət işçiləri, kitabxanaçılar, ziyalılar, din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olublar.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov konfransı açaraq ölkəmizdə tarixən hökm sürən multikultural dəyərlərdən, ulu öndər Heydər Əliyevin tolerantlığı dövlət siyasətinə çevirməsindən, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında multikulturalizmin ölkəmizdə dövlət siyasətinin nümunəvi modeli olmasından bəhs edib. Bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı ölkəmizdə uzun tarixi dövr ərzində formalaşan multikulturalizmi özündə əks etdirir. Tezliklə ingilis və rus dillərində də çap olunacaq kitab Azərbaycan multikulturalizminin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

Konfransda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın çoxəsrlik multikultural ənənələrindən danışıb. Bildirib ki, multikulturalizm başqa dinin, millətin nümayəndəsinə insani münasibət deməkdir. Bu dəyər Azərbaycan xalqına xas olan bir xüsusiyyətdir. Hələ Dədə Qorqud, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Abdulla Şaiq, Hüseyn Cavid kimi söz dühaları öz əsərlərində başqa dinin, millətin nümayəndələrinə böyük hörmət və ehtiramla yanaşıblar. Xalqımızın bədii söz ustalarının tarix boyu yazdığı multikultural düşüncələr, ideyalar, şeirlər, hekayələr “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında özünə yer tapıb.

İlk nömrəsi çap olunan “Multikulturalizm” jurnalı haqqında danışan Kamal Abdullayev qeyd edib ki, jurnalda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dərin məzmunlu, əhatəli məqalələri dərc olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İlyasov bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Hazırda bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı kitablar da hazırlanır. Həmçinin “Azərbaycan multikulturalizmi” adlı dərsliyin də bilik gününədək başa çatdırılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, hazırda dünyanın 13 ölkəsində və respublikamızın 28 ali təhsil müəssisəsində elmi redaktoru akademik Kamal Abdullayev olan “Azərbaycan multikulturalizminə giriş” fənni tədris olunur. Azərbaycanın iki universitetində multikulturalizm kafedrası yaradılıb.

 

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Tahir Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbə müdiri Əlizadə Nəcəfov, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu və başqaları çıxış edərək Azərbaycanda multikulturalizmin tarixi ənənəsi və xüsusiyyətlərindən, ölkəmizdə aparılan multikulturalizm siyasətindən danışıb, konfransın keçirilməsinin, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının, “Multikulturalizm” jurnalının nəşrinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Konfransda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanda multikulturalizm” elektron məlumat bazası da təqdim edilib.

Daha sonra qonaqlar Ağcabədi cümə məscidində cümə namazına toplaşan rayon dindarları ilə görüşüb söhbət ediblər. Məsciddə yaradılan kitabxanaya “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və “Multikulturalizm” jurnalı hədiyyə edilib.

Запись Ağcabədidə “Multikulturalizm və kitab” mövzusunda zona konfransı keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.