“İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransın bölmə iclaslarında müzakirələr aparılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə keçirdiyi “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfrans panel iclasları ilə davam edib. Konfransın 6 bölmə iclasında ümumilikdə 30-a yaxın məruzə təqdim olunub.
Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçinin moderatorluğu ilə keçirilən “Azərbaycan və İraq türkmanları arasında mədəni əlaqələr: Dünən, bu gün, sabah” mövzusunu əhatə edən bölmə iclasında əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin, İraq Türkman Ədəbiyyatçılar Birliyinin sədri Aydın Kərkükün, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının, İraq ədəbiyyatçılar və yazıçılar birliklərinin türkman ofisinin katibi Fevzi Əkrəm Terzioğlunun, Çankaya Universitetinin professoru Mahir Nakipin məruzələri dinlənilib. Məruzələrdə Azərbaycan və İraq türkmanları arasında mədəni əlaqələrin tarixindən, Azərbaycan və İraq türkmanlarının 2000-ci ilin əvvəllərinədək mədəni əlaqələrindən, türkmanların Türk Dünyasında yerindən, Azərbaycan və İraq ədəbiyyatçıları arasında ortaq fəaliyyətdən, İraq türkmanlarının keçmişindən, bu günündən bəhs olunub.
“İraq türkmanlarının Türk dünyasında yeri. Azərbaycanın və Türkiyənin nümunəsində” mövzusunda bölmə iclasının moderatorluğunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev edib. Bölmə iclasında Türkman Həmrəylik təşkilatının rəhbəri  Kürşat Çavuşoğlu “Türk dünyasında türkman varlığı: Türkiyənin örnəyi”, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini Xatirə Bəşirli “İraq türkmanları və Azərbaycan yeni ədəbi-mədəni çağırışlar müstəvisində”, Kərkük Universitetinin professoru Çoban Xıdır Uluxan “Füzulinin poeziyasında türkman şivəsinin izləri”, Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) elmi işçisi Səlcuq Bacalan “İraq türkmanlarında və Azərbaycanda milli kimlik məsələsi” mövzusunda çıxışlar ediblər. Mövzular ətrafında müzakirələr aparılıb.
Moderatoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru  Aqil Şirinov olan “İraq türkmanları bu gün” mövzusunda bölmə iclasında Niderlandda Türkman Diaspor Təşkilatının rəhbəri Neşet Əhməd, İraq Türkman Qeyri-hökumət Təşkilatları Birliyinin sədri İstebrak Yazaroğlu, AMEA-nın Folklor İnstitutunun professoru Əfzələddin Əsgər, İraq Türkmanları İnsan Haqları Dərnəyinin Almaniya təmsilçisi Qənim Osman, Bağdaddakı Türkman Qardaşlıq Оcağının sədri Faruk Abdullah məruzə ediblər. Məruzələrdə Avropada məskunlaşmış türkmanların milli kimlik ətrafında təşkilatlanması, İraqda türkman sivil təşkilatları, Böyük türkmanlardan İraq türkmanlarına doğru etnogenez prosesi, Avropadakı türkmanların insan hüquqlarının təminatı uğrunda mübarizəsi, İraqda türkman qurumları mövzularına toxunulub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanovun moderatorluğu ilə keçən “İraq  türkmanlarının mədəni-mənəvi irsi və Azərbaycan” mövzusunda bölmə iclasında “İraq türkmanlarının tarixi abidələri”, “İraq türkmanlarının mədəni irsi insan hüquqları kontekstində”, “İraq türkmanları və Azərbaycan - ortaq mədəni irsin öyrənilməsi, bərpası və inkişafı problemləri”, “Kərkükdə tarixi türk izləri” mövzularını əhatə edən məruzələr dinlənilib. Məruzələri AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu, Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Adil Zeynalabdin, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov, İraqdakı “Türkmaneli” qəzetinin əməkdaşı araşdırmaçı-jurnalist Necat Kevseroğlu təqdim ediblər.
“İraq türkmanlarının söz sənəti ümumtürk ədəbiyyatının nümunəsi kimi” bölmə iclasında “Azərbaycan bayatıları və İraq türkmanlarının hoyratları”, “İraq türkmanlarının Türk dünyasının mədəniyyətində və incəsənətində payı”, “Fələkoğlunun yaradıcılığında “millət” və “yurd” anlayışları”, “İraq türkman ziyalılarının yaradıcılığında Azərbaycan” mövzularında məruzələr olunub. 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə keçən bölmə iclasında məruzələri AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ləman Süleymanova, Qazi Universitetinin professoru, sənətşünas Ömər Türkmanoğlu, Bağdad Universitetinin  Dilçilik fakültəsinin əməkdaşı Yıldız Səadəddin, AMEA-nın Folklor İnstitutu, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva təqdim ediblər.
Konfrasda “İraq türkmanlarının mətbuatı və Azərbaycan. Gələcəyə baxış” bölmə iclasının moderatoru  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü  Yadigar Məmmədli olub. Bölmə iclasında Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi, Türkmaneli Televiziya Kanalının aparıcısı Gülzar Bayatlı, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu, Türkman təhsil idarəsinin müdiri Əhməd Haşim Muxtaroğlu çıxış ediblər. 
İclasda “Azərbaycan türkman ədəbi əlaqələrinin mediada işıqlandırılması”, “İraq türkman mətbuatının qısa tarixi”, “İraq türkman mətbuatının aparıcı nümayəndələri”,  “Azərbaycan və İraq türkman mətbuatı arasında əlaqələr”, “Azərbaycan və İraq türkman mediası arasında əməkdaşlıq: Zərurət və perspektivlər”, “İraqda müasir türkman mediası” mözularında məruzələr dinlənilib.

Etiketlər