Rəvan Həsənov G20 Dini Forumunda iştirak edir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İndoneziyada səfərdədir. Səfərdə məqsəd 2-3 noyabr 2022-ci il tarixlərində İndoneziyada keçiriləcək G20 Dini Forumunda (R20) iştirak etməkdir. İndoneziya hökumətinin G20 Forumunun əsas rəsmi tədbiri kimi tanıdığı Balidə keçiriləcək R20 sammiti dünyadakı müxtəlif dinlərin liderlərinə sivilizasiyaların ortaq dəyərlərini dəstəkləmək üçün platforma yaradılmasına xidmət edəcəkdir. İndoneziya Respublikasının prezidenti Joko Vidodonun R20 sammitinin açılış mərasimində çıxış etməsi gözlənilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də qlobal əhəmiyyətli tədbirdə iştirak edir.
Məlumat üçün bildirək ki, İndoneziyanın G20 sədrliyi çərçivəsində dünyanın tanınmış müsəlman təşkilatı olan Nahdatul Ulama ortaq əxlaqi və mənəvi dəyərləri inkişaf etdirmək məqsədilə G20 Dini Forumunu (R20) təsis etmişdir. Nahdatul Ulama ilə birlikdə R20 sammitinin həmtəşkilatçısı Səudiyyə Ərəbistanının Məkkə şəhərində mərkəzləşən İslam Aləmi Liqasıdır. R20 sammitinin Təsisçisi, Nahdatul Ulama İdarə Heyətinin Baş Sədri Kyai Yəhya Çolil Staqufun imzaladığı dəvət məktubunda İndoneziya hökumətinin G20 liderləri sammiti ərəfəsində planlaşdırdığı G20 Dini forumunda Şeyxülislam A.Paşazadənin iştirakının dünyanın geosiyasi və iqtisadi strukturlarına mənəvi dəyərlər aşılamaqda ciddi töhfə verəcəyi xüsusi vurğulanıb.