Bakıda “Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK və Gənclər Fondunun rəhbərliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, QHT nümayəndələri və gənclər iştirak ediblər.
DQİDK-nın sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətləri qoruyub saxlayır. Milli-mənəvi dəyərlərimizə dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və sair bu kimi önəmli məfhumlar daxildir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcək. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. Dövlət Komitəsinin sədri dövlət başçısı tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını bu sahəyə diqqət və qayğının növbəti nümunəsi adlandırıb. Fondun Azərbaycan xalqına məxsus mənəvi və milli dəyərlərin gənc nəslə daha geniş şəkildə çatdırılması istiqamətində işlər həyata keçirdiyini deyib.
Milli-mənəvi dəyərlərimizi təhdid edən müxtəlif amillərlə də rastlaşdığımızı bildirən M.Qurbanlı onların xarici təsirlərə məruz qaldığını qeyd edib. Bu dəyərlərin qorunmasının və gənc nəslə çatdırılmasının ən ümdə vəzifələrdən biri olduğunu deyən DQİDK sədri bu istiqamətdə gənclər təşkilatlarının da fəallıq göstərməsinin önəminə toxunub. O, tarixdən gələn bu xüsusiyyətlərin gələcək nəsillərə ötürülməsi sahəsində müvafiq qurumların həyata keçirdiyi tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu söyləyib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında informasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda mənəvi dəyərlərin qorunması işinin bir qədər mürəkkəbləşdiyini qeyd edib. F.Cəfərovun sözlərinə görə, dünyada gedən proseslərə diqqət yetirdikdə görmək olur ki, bütün münaqişələrin kökündə mənəvi dəyərlərin təbliği işinin düzgün aparılmaması durur. O əlavə edib ki, ulu öndər Heydər Əliyev mənəvi dəyərlərin təbliği və təşviqi sahəsində mühüm siyasət yürüdüb. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. F.Cəfərov onu da vurğulayıb ki, Gənclər Fondu bu istiqamətdə gənclər təşkilatlarının yüzlərlə layihəsinə dəstək verir.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov bildirib ki, təmsil etdiyi qurumun fəaliyyət istiqamətinin əsas hissəsini bu ali dəyərlərin təbliği təşkil edir. Dövlətin bu sahəyə xüsusi diqqət və dəstək verdiyini bildirən S. Həsənov Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının, din xadimlərinə maddi dəstək göstərilməsin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli qeyd edib ki, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. O, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Bu istiqamətdə müvafiq qurumların fəaliyyət göstərdiyini, dövlət proqramlarının qəbul edildiyini bildirib. Milli-mənəvi dəyərlərin təbliğində gənclərin potensialından istifadənin əhəmiyyətinə toxunan Aydan Kərimli bu sahədə gənclər təşkilatlarını fəal olmağa çağırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, DQİDK yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov çıxışlarında bildiriblər ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyükdür. Çıxışlarda o da vurğulanıb ki, informasiya texnologiyalarının sürətli inkişafı müsbət dəyişikliklərlə yanaşı, milli-mənəvi dəyərlər sistemini təhlükə altına alır. Natiqlər, eyni zamanda, milli-mənəvi dəyərlərin təbliği istiqamətində sosial şəbəkələrin imkanlarından istifadənin, qısametrajlı filmlərin çəkilməsinin önəminə toxunublar.
Konfrans milli-mənəvi irsimizin düzgün təbliği və bu sahədə gənclər təşkilatlarının üzərinə düşən vəzifələrin müzakirəsi ilə yekunlaşıb.