III Beynəlxalq multikulturalizm məktəbinə start verildi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) indiyədək həyata keçirdiyi çoxsaylı əhəmiyyətli layihələrindən biri də mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
Sözügedən layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə artıq Azərbaycana olan maraq məhəbbətə çevrilib. Həmin yay və qış məktəbinin əcnəbi iştirakçılarının timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb.
“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər”
İyulun 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyətə başladı.
Öncə tələbələr Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarına əklillər və gül dəstələri qoyublar, sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarətdən sonra yay məktəbinin iştirakçıları Qəbələyə yola düşüblər.
Burada tələbələrə “Qəbələ- Qafqaz Albaniyasının qəlbidir” mövzusunda videoçarx təqdim ediləcək.
Videoçarx vasitəsilə tələbələrə məlumat veriləcək ki, miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Tələbələr bu videoçarx vasitəsilə təqribən 2500 il yaşı olan və 9 əsr Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələnin dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olduğu ilə bağlı bilgiləndiriləcəklər.
Tarixi faktların yer aldığı videoçarxda Qəbələnin Azərbaycanın etnik palitranı xatırladan unikal bölgələrindən biri olduğu diqqətə çatdırılacaq: “Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi: “Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülüb, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlayıb. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşıblar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi. Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər (udilər) idi. Qafqaz Albaniyasının qəlbi olan Qəbələ hazırda da etnik tərkibinə görə Azərbaycanın kifayət qədər rəngarəng bölgələrindəndir”.
Qəbələnin zəngin tarixi ilə bağlı təqdimatdan sonra xarici tələbələr üçün “Xoşgəldiniz” axşamı təşkil ediləcək.
Qeyd edək ki, 18-27 iyul tarixlərində keçiriləcək yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 16 universitetindən 38 tələbə, Azərbaycanın universitetlərindən 19 tələbə iştirak edir.
Beynəlxalq multikulturalizm yay məktəbi Qəbələ ilə yanaşı, Oğuz, İsmayıllı, Şəki, Qax və Bakıda fəaliyyət göstərəcək. Yay məktəbi ərzində tələbələr Azərbaycandakı dini və milli dəyərlərin təbliğinə və təşviqinə həsr olunmuş dəyirmi masa, konfrans və toplantılarda iştirak edəcək, xarici və yerli mütəxəssislərin mühazirələrini dinləyəcəklər. Bu müddət ərzində iştirakçıların Azərbaycanın Nic, İvanovka, Lahıc, Kiş, Oğuzdakı “Cuhudlar məhəlləsi” kimi multikultural və çoxkonfessiyalı unikal məkanlara səfərləri, ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri, görkəmli dövlət və din xadimləri ilə görüşləri planlaşdırılıb.
Xatırladaq ki, bu, sayca üçüncü Beynəlxalq multikulturalizm məktəbidir. İndiyədək adıçəkilən qurumlar tərəfindən 2015-ci il 22 iyul-1 avqust və 2016-cı il 8-15 fevral tarixlərində də Beynəlxalq multikulturalizm məktəbləri təşkil olunub.
Запись III Beynəlxalq multikulturalizm məktəbinə start verildi впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.