V Beynəlxalq multikulturalizm yay məktəbi başlayacaq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldığı üç ildən artıq müddət ərzində Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir.
Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
24-30 iyul 2017-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun təşkilatçılığı ilə V Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyətə başlayacaq.
Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
V Beynəlxalq multikulturalizm yay məktəbində Azərbaycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıstan, Türkiyə, Əfqanıstan, Avstraliya, ABŞ, Rusiya, Ukrayna, Norveç, Benin, Tunis, Misir, İsrail, Polşa, Böyük Britaniya, Fransa, Liviya, Braziliya, Çin kimi ölkələrin aparıcı universitetlərindən 60-dan artıq tələbənin iştirak edəcəyi gözlənilir.
V Beynəlxalq multikulturalizm yay məktəbinin fəaliyyəti Bakı şəhəri ilə yanaşı, Şəki, İsmayıllı, Qəbələ və Qax rayonlarını əhatə edəcək.
Yay məktəbi ərzində iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri planlaşdırılıb.
Yay məktəbinin iştirakçılarına azərbaycanlı alimlərlə yanaşı xarici mütəxəssislər Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək, tələbələrin Şəhidlər Xiyabanı və Fəxri Xiyabana, Qobustana və Atəşgaha, İçərişəhərə, Nic, Lahıc qəsəbələrinə, Şəkidəki Xan Sarayı kompleksinə, Qəbələdə Tufandağ yay-qış turizm istirahət kompleksinə səfərləri də nəzərdə tutulub.
Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın Gənc Dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Запись V Beynəlxalq multikulturalizm yay məktəbi başlayacaq впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.