Merve Öznomen: Yay məktəbində iştirakımdan çox məmnunam
Mən Multikulturalizm Yay Məktəbinə Türkiyədən qatılıram. Kayseri Universitetinin tələbəsiyəm. Azərbaycanda ikinci dəfədir oluram. Birinci dəfə fevralda keçirilən Multikulturalizm Qış Məktəbində iştirak etmişəm. Həmin vaxt biz erməni işğalından azad edilmiş Qarabağ torpağına, Şuşaya, Ağdama səfər etdik. Həmin torpaqların 29 il sonra azadlığına qovuşmasına çox sevinirəm.
Bu sözləri müxbirinə müsahibəsində Şəkidə keçirilən XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin Türkiyədən olan iştirakçısı Merve Öznomen deyib.
Türkiyənin hər zaman Azərbaycanın yanında olmasından qürur duyduğunu vurğulayan yay məktəbinin iştirakçısı deyib: “Qış məktəbi zamanı ermənilərin Qarabağda, Şuşada, Ağdamda xarabazara çevirdikləri yerləri öz gözlərimizlə gördüm. Təəssüf ki, orada hər şey məhv edilib. Təbii ki, bu, belə qalmayacaq və zaman keçdikcə hər şey düzələcək. Türkiyə hər zaman Azərbaycana dəstək verir və belə də olacaq. Azərbaycana ikinci dəfə səfər etməyimdən çox məmnunam. Şəkinin təbiət gözəllikləri, tarixi məkanları bizi heyran etdi”.