Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib

 

 

holokost 1

Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Holokost faciəsinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Öncə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri BBMM-in icraçı direktoru Azad Məmmədov açaraq hər il yanvar ayının 27-si BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş 60/7 saylı qətnaməyə əsasən Beynəlxalq Holokost qurbanlarının Anım Günü kimi qeyd edildiyini bildirib. İcraçı direktor yəhudilərin əsrlərdir Azərbaycanda dostluq şəraitində yanaşı yaşadığınlı vurğulayıb:  “Biz fəxr edirik ki, Azərbaycanda heç vaxt antisemitizm meyilləri olmayıb, burada yaşayan bütün etnik icmalar bir-biri ilə ən yüksək səviyyədə dostluq, qardaşlıq münasibəti qurublar”.

BBMM-in şöbə müdiri Rəşad İlyasov dəyirmi masada “Holokost faciəsinin tarixi” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri diqqətə çatdırıb ki, baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də yaşanmış faciələri xatırlayaraq gələcəyə irəliləmək lazımdır”.

AMEA-nın İnsan Hüquqları İnstitutunun alimi Moisey Bekker Azərbaycanda Holokost faciəsinin anılmasının ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirərək bunun ölkəmizdəki multikultural və tolerant əhvalın göstəricisi kimi dəyərləndirib. Alim BBMM-in rəhbərliyinə və Azərbaycan dövlətinə yəhudi xalqının başına gətirilən bu dəhşətli faciəyə həssaslıqla yanaşdığına və hər il Holokost qurbanlarının xatirəsinin anıldığına görə minnətdarlığını ifadə edib. Moisey Bekker Holokost etnoniminim mahiyyətindən söz açıb: “Holokost kəlməsi “yanıb kül olmuş” mənasını verir və bu ad təsadüfi deyil. Çünki  Almaniyada faşizm rejimi hakimiyyətdəykən Hitlerin əmri ilə milyonlarla yəhudi ölüm düşərgələrində dəhşətli işgəncələrə məruz qalıb, qaz kameralarında boğulub və yandırılıb. Bu günahsız insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrəti və faşizm irqçiliyi idi. Alim Avropanın bəzi ölkələrində hələ də antisemitizm meyillərinin qaldığını bildirərək dünyanın bir çox ölkələrində Holokost mübahisəsini açmağın belə qadağan olunduğunu deyib. Moisey Bekker həmçinin azərbaycanlıların və türklərin, eləcə də müxtəlif ölkə diplomatlarının yəhudiləri bacardıqları qədər Holokost qırğınından qorumaq üçün səy göstərdiklərini xatırladıb: “Mənim yaxın qohumlarım da vuruşarkən faşistlərə əsir düşüb. Ölüm düşərgəsində azərbaycanlılar onlara bir neçə ərəbcə dualar öyrədib ki, faşistlər sorğu-sual apararkən onların yəhudi olduqlarını gizlədib müsəlman kimi təqdim etsinlər və onları bu yolla Holokost qurbanları olmaqdan qoruya biliblər. Bu da bir daha onu göstərir ki, multikultural əhval Azərbaycan xalqının ruhundadır. Bu gün də multikulturalizm siyasəti Azərbaycanda aparıcı xətdir və burada yəhudilərin sərbəst, mehribanlılqa əsrlərdir yaşaması da buna sübutdur. İnanıram ki, Azərbaycanda multikulturalizm həmişə mövcud olacaq.  ”

Azərbaycandakı Dağ yəhudiləri icmasının nümayəndəsi ravvin Abraham ölkəmizdə  yəhudilərin kipa ilə rahatca dolaşdığını, mütəmadi olaraq sinaqoqlarda dini bayramlarını yüksək səviyyədə qeyd etdiyini, Avropanin bəzi ölkələrində bunun bəzən mümkün olmadığını söyləyib. Ravvin dünyanın bir sıra ölkələrinin Azərbaycan multikulturalizm modelindən örnək almalarının vacibliyini qeyd edib.

BBMM-in müşaviri, professor Aytən Qəhrəman faciəsinin 1933-cü ildən başlayaraq mərhələli şəkildə həyata keçirildiyini vurğulayıb: “1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökümətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Müəyyən mərhələlərlə bu proses öncə yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmalarıilə başladı, sonra yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları ilə davam etdi və “Son həll”, onların toplanıb ölüm düşərgələrinə aparılmaları və orada sistemli şəkildə qaz kameralarında boğulması ya da fərqli şəkildə öldürülüb cəsədlərinin yandırılması ilə nəticələndi”. Mərkəzin müşaviri bu yaxınlarda İsveçrədə YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun baş direktoru xanım Mantsetsa Marope ilə görüşünü xatırladaraq həmin vaxt Holokost və Xocalı faciələri ilə bağlı fikir mübadiləsi aparıldığını da diqqətə çatdırıb. Aytən Qəhrəman həmçinin qonaqlara  həmin büronun hazırladığı   “ Səssiz şahidlər: 21-cu əsrdə təhsildə Holokost tədrisi, siyasət və təcrübə” (“As the Witnesses Fall Silent: 21st Sentury Holocaust Education in Curriculum, Policy and Practice” ) kitabını təqdim edərək yəhudi icmasının birgə dəstəyi ilə Azərbaycanda tədris sistemində də Holokost və Xocalı faciələrinin tədrisinin yer aldığı analoji kitaba bənzər nəşrin vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Holokost faciəsinin tarixin dönüş nöqtəsi kimi səciyyələndirib. Aparat rəhbəri Azərbaycan və yəhudi xalqının oxşar taleyindən söz açıb, hər iki xalqın etnik mənsubiyyətinə görə soyqırıma məruz qaldığını bildirib.

Azərbaycanda əsrlərlə yaşı olan multikultural təcrübədən söz açaraq hər il Holokost faciəsinin qurbanlarını ehtiramla yad olunmasını bunun parlaq təzahürü kimi qiymətləndirib. Azərbaycan və yəhudi xalqlarının dostluğundan danışan İsaxan Vəliyev hər iki xalqın oxşar faciələri yaşadığını-yəhudilərin Holokost, azərbaycanlıların isə Xocalı soyqırımına məruz qaldığını deyib. Aparat rəhbəri hər iki faciənin layiqli beynəlxalq hüquqi qiymətini alacağına inandığını bildirib.

Çıxışlardan sonra dəyirmi masa müzakirələrlə davam edib.

holokost 2

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.