BBMM-in icraçı direktoru Rəvan Həsənov Vyana Yəhudi icmasının ravvini Şlomo Hofmeyster ilə görüşüb
Mayın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Vyana Yəhudi icmasının ravvini və Ştiriya əyalətinin paytaxtı Qratsın baş ravvini Şlomo Hofmeyster (Schlomo Hofmeiter) ilə görüşüb.
Görüşdə Rəvan Həsənov Azərbaycan Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılan və bu günlərdə 8 illiyi tamam olan BBMM-in fəaliyyətindən söz açaraq ötən müddət ərzində qurumun ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlər barədə danışıb. R.Həsənov nitqində BBMM-in həyata keçirdiyi layihələr sırasında beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkili, ölkənin 44, dünyanın 24 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, multikulturalizmlə bağlı kitabların hazırlanması və nəşri barədə xüsusi məlumat verib.
Vyana Yəhudi icmasının ravvini Şlomo Hofmeyster (Schlomo Hofmeiter) öz növbəsində multikultural və tolerant ənənələrdə insanları fərqləndirən nüansların deyil, onları yaxınlaşdıran, birləşdirən amillərin mühüm olduğunu və dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb və gələcək fəaliyyətlərində Mərkəzlə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan Respublikasının Avstriyada Fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Mərkəzin müşaviri Aytən Qəhrəman iştirak edib.
Sonda qonağa Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.