XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib. Bağlanış mərasimində çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Beynəlxalq Multikulturalizm məktəbləri mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələri də əhatə edir. O vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Məktəbdə iştirak edən əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə azərbaycanlı tələbələr təqdimatla çıxış ediblər. Təqdimatda Azərbaycanın tarixi, coğrafiyası, milli adət-ənənələri, mətbəxi, mədəni abidələri, işğaldan azad olunmuş Qarabağ haqqında məlumat verilib.
Sonda məktəb iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən 30-a yaxın tələbə iştirak edib. İştirakçılar məktəb çərçivəsində Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Məktəb Bakı şəhəri ilə yanaşı, Şuşa, Laçın və Ağdam rayonlarında da fəaliyyət göstərib. İştirakçıların Şuşa, Laçın və Ağdam şəhərlərinə ekskursiyaları təşkil olunub.
XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilib. İştirakçılar “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri”, “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyin Azərbaycan nümunəsi”, “Qafqaz Albaniyası irsi siyasi diskursda”, “Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları” mövzularında məruzələr dinləyiblər.
Məruzələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri İrina Kunina, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Günel Yusifi, Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin böyük məsləhətçisi Ləman Əliyeva təqdim ediblər.
Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunub. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumat veriblər.
Həmçinin iştirakçıların BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ilə görüşü olub.