RƏVAN HƏSƏNOV: “YAY VƏ QIŞ MƏKTƏBİ LAYİHƏSİ BİRBAŞA PREZİDENT İLHAM ƏLİYEVİN TÖVSİYƏSİ VƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRİLİR”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə reallaşan “Bakı prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb.
Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəbinin əsas məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural, tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. Yay Məktəbində Azərbaycan və Gürcüstan, Hindistan, Latviya, İsrail, Moldova, Yaponiya, Qazaxıstan, Rusiya, Rumıniya, Almaniya, Belarus, Xorvatiya, Bolqarıstan, Kolumbiya, Ekvador, İndoneziya, Serbiya, Portuqaliya, Slovakiya, Tacikistan, Monteneqro, Çexiya, Ukrayna, İtaliya, Türkiyə, Fələstin, Meksika, Çin, Estoniya kimi ölkələrin aparıcı universitetlərindən 35 tələbə iştirak edib. Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilib. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
BEYNƏLXALQ MULTİKULTURALİZM YAY VƏ QIŞ MƏKTƏBLƏRİ “AZƏRBAYCAN MULTİKULTURALİZMİ” FƏNNİNİN DÜNYA UNİVERSİTETLƏRİNDƏ TƏDRİSİ LAYİHƏSİNİN MƏNTİQİ DAVAMIDIR
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənovun sözlərinə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. Bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biri də “Azərbaycan multikulturalizmi” adlı fənnin xarici ölkə universitetlərində tədrisini təşkil etmək idi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizm modelini akademik dairələrdə də təbliğ edir. Mərkəzin multikultiralizm fənninin tədrisi layihəsi mövcuddur.
Bu layihə həm Azərbaycan universitetlərini, həm də xarici ölkə universitetlərini əhatə edir: “2015-ci ildə bu tədris layihəsini başlayanda bunun mahiyyətini xarici universitetlərə izah etməkdə çətinlik çəkirdik. Ancaq aparılan danışıqlar öz müsbət nəticəsini verdi və biz “Azərbaycan multikulturalizmi” adlı fənnin bir sıra xarici ölkə universitetlərində tədrisinə nail olduq. Artıq dünyanın 19 nüfuzlu dünya universitetində, Portuqaliyanın Lusofona, Ukraynanın Poltava, Rusiyanın Ural Federal Universitetində, Belarusun Minsk Dövlət Universitetində, Almaniyanın Auqsburq və Vürsburq Universitetlərində, Polşanın Vrotslav, İndoneziyanın Qadjah Mada, Türkiyənin Erciyes, İsveçrənin Friburq, Litvanın Pedaqoji Universiteti, Bolqarıstanın Sofiya, Çexiyanın Karlov, Gürcüstanın Tbilisi Dövlət Universiteti, İtaliyanın La Sapienza, Yaponiyanın Hokkaydo, İsveçrənin Malmo və Hindistanın Sri Sri Universitetləri kimi ali təhsil ocaqlarında bu fənn tədris olunur. İldən-ilə də bu universitetlərin sayı durmadan artır. Eyni zamanda,38 Azərbaycan universitetində də bu fənn tədris edilir. Bu, kifayət qədər geniş auditoriya tərəfindən qəbul olunur və gənclər maraq göstərirlər. Auditoriyada “Azərbaycan multikulturalizmi” fənnini dinləyən tələbələr nəzəri biliklər əldə edirlər. Onlara Azərbaycanın həm etnik-mədəni coğrafiyası, həm tarixi, həm ədəbiyyatı, həm günlük yaşam tərzi haqqında ətraflı məlumatlar verilir. Bununla da həmin nəzəri biliklər yay və qış məktəblərində iştirak etməklə praktik bilgilərlə möhkəmlənir”.
QIŞ VƏ YAY MƏKTƏBİNİN TƏŞKİLİ BARƏDƏ PREZİDENTDƏN MÜHÜM QƏRAR
R.Həsənov deyir ki, ilk dəfə 2015-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 1-ci Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil olunub. “Yay məktəbi”ndə 49-u əcnəbi və 19-u yerli olmaqla bütövlükdə 12 ölkənin, o cümlədən, 24 universitetin tələbəsi iştirak edib. İştirakçılar Yay məktəbi dövründə Azərbaycanın Bakı, Quba, Qusar, Xaçmaz, Xudat ərazilərində olub, yerli əhali, dini icmalar və din xadimləri ilə görüşüb, tarixi abidələrlə tanış olublar: “Birinci “Yay məktəbi” çox effektli oldu və müsbət nəticələr verdi. “Yay məktəbi”ni ölkə başçısı da xüsusi təqdirlə qarşıladı, əldə olunan nəticə müsbət qiymətləndirildi. Bunun nəticəsi kimi Prezident İlham Əliyevin tapşırığı ilə yay məktəbi ilə yanaşı, qış məktəblərinin də keçirilməsi tövsiyə edildi. Bu müddət ərzində BBMM-nin təşkil etdiyi yay və qış məktəblərinə UNESCO, Ələddin layihəsi, Erasmus+ kimi beynəlxalq təşkilatlar ölkəmizin nüfuzlu qurumları layihəyə qoşularaq öz dəstəklərini göstəriblər. Əlbəttə ki, yay və qış məktəblərimizin bu cür yüksək səviyyədə keçirilməsinin əsas səbəblərindən birincisi Prezident İlham Əliyevin bu layihəyə olan diqqət və dəstəyidir. Məlumat üçün bildirim ki, II Beynəlxalq Multikulturalizm Qış Məktəbi isə 8-15 fevral 2016-cı ildə təşkl edilib. Qış Məktəbində 43-ü əcnəbi və 12-si yerli olmaqla bütövlükdə 15 ölkənin tələbəsi iştirak edib. İştirakçılar Qış məktəbi dövründə Bakı, Quba, Qusar və Xaçmazda olublar. III Beynəlxalq Multikulturalizm Yay Məktəbi - 18-27 iyul 2016-cı ildə keçirilib. 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 tələbə iştirak edib. Tələbələr “Yay məktəbi” çərçivəsində Azərbaycanın İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax və Bakı ərazilərində olublar. IV Beynəlxalq Multikulturalizm Qış Məktəbi - 13-20 fevral 2017-ci ildə təşkil olunub və 17 xarici ölkənin 29 xarici tələbə, Azərbaycanın ali təhsil müəssisələrindən 6 azərbaycanlı tələbə iştirak edib. Azərbaycanın Qəbələ, Oğuz, Şəki, Qax və Bakı ərazilərində baş tutub. V Beynəlxalq Multikulturalizm Yay Məktəbi isə 22-31 iyul 2017-ci il UNESCO, Ələddin layihəsi və Erasmus+ proqramı ilə birlikdə 26 ölkədən 45 xarici tələbə və 5 azərbaycanlı tələbənin iştirakı ilə Qəbələ, İsmayıllı, Şəki, Qax və Bakı ərazilərində baş tutub”. Bakı prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi isə Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarını əhatə edib.
Qeyd edim ki, Beynəlxalq Multikulturalizm Yay və qış məktəbi layihəsinin reallaşmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullanın əvəzsiz xidmətləri var. K.Abdulla layihənin reallaşmasında akademik rəhbərliyini heç zaman əsirgəməyib. Eyni zamanda, ölkənin müxtəlif dövlət qurumları-Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra hakimiyyətləri, KİV-lər də bizə bu işdə yaxından dəstək göstəriblər”.
İLDƏN-İLƏ YAY VƏ QIŞ MƏKTƏBİNDƏ İŞTİRAK ETMƏK İSTƏYƏN GƏNCLƏRİN SAYI ARTIR
Yay və qış məktəbində iştirak etmək üçün müraciət edən gənclərin sayı ildən-ilə artmaqdadır. Budəfəki yay məktəbində iştirak etmək üçün minə yaxın esse-müraciət daxil olub. Onlardan isə yalnız 35 ən yaxşısı seçilib. Burada qayda belədir ki, məktəbdə iştirak etmək istəyən tələbələrdən esse yazıb elektron variantda Mərkəzə göndərmək tələb olunur. Təqdim edilən esselər BBMM-in əməkdaşları və mövzular üzrə dəvət edilən mütəxəsisslər, peşəkar alimlər tərəfindən yoxlanılır. Esselərin yoxlanılması zamanı mütəxəssislər çalışır ki, ən maraqlı, internet məlumatlarını əhatə etməyən, tədqiqata dayanan esseləri seçsinlər. Sonra mütəxəssislərin müsbət rəy verdiyi esse müəllifləri ilə “Skype” vasitəsilə əlaqə yaradılır, söhbətlər aparılır, onların maraqları, fikirləri öyrənilir. Hər iki mərhələni uğurla keçən gənclər Yay və qış məktəbində iştirak etmək üçün Bakıya dəvət olunur. Yay və qış məktəbinin iştirakçıları bütün dünyanı əhatə edir: “Hər il Beynəlxalq Multikulturalizm qış və yay məktəbində iştirak etmək üçün yüzlərlə gənc bizə müraciət edir. Azərbaycanın multikulturalizm modelinə marağın artması sübut edir ki, biz, multikulturalizmin Azərbaycan modelini yalnız ölkə daxilində deyil, ölkə xaricində də lazımınca təbliğ edə bilirik”.
AZƏRBAYCANIN MULTİKULTURALİZM SİYASƏTİNİ DÜNYADA TƏBLİĞ EDƏN “AZƏRBAYCANIN GƏNC DOSTLARI” KLUBUNUN SIRALARI GENİŞLƏNİR
R.Həsənov vurğulayıb ki, “Yay və qış məktəbi”ndə iştirak etmək üçün müxtəlif ölkələrdən təxminən 30-40 gənc ildə iki dəfə Azərbaycana gəlir. Onların hər biri Azərbaycan multikulturalizmi haqqında daha dərin məlumatlar əldə etmək istəyirlər. Məktəb çərçivəsində də onlara bu imkan yaradılır. Mövzu ilə bağlı layihə iştirakçıları üçün geniş mühazirələr oxunur, xarici və yerli alimlərdən ibarət heyət onlara dərs deyir. Bu layihə əsasən regionlarda həyata keçirilir və hər dəfə də başqa bir regionda. Region gənclərilə, ictimaiyyətilə həmin gənclərin görüşləri təşkil olunur. Bununla da onların auditoriyada eşitdikləri praktiki olaraq möhkəmlənməyə başlayır. Sözügedən layihə vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan gənclər bir araya gələrək Azərbaycan haqqında biliklərini möhkəmləndirir, ölkəmizdəki multikultural, tolerant mühitlə yaxından tanış olur, həmyaşıdları ilə ünsiyyət qururlar. Azərbaycanın qədim və zəngin tarixə, multikulturalizm ənənələrinə malik bir ölkə olduğunu, bu gün multikulturalizmin dövlət siyasətinə çevrildiyinin şahidi olurlar. Yay və qış məktəbində iştirak edən, multikulturalizm ideologiyasına, siyasətinə inanan bu gənclər vətənlərinə döndükdən sonra Azərbaycanın multikulturalizm modelinin dünyada təbliğ etməyə çalışırlar. Beləliklə, faktiki olaraq Azərbaycanın xaricdə gənc multikulturalistləri formalaşmağa başlayır”.
2015-ci ildə Beynəlxalq Multikulturalizm Yay məktəbində iştirak edən Yunanıstandan və Litvadan olan gənclərin birgə təşəbbüsü ilə “Azərbaycanın gənc dostları” klubu yaradılıb. Bundan sonra “Azərbaycan multikulturalizmi” fənnini dinləyən tələbələr bu platformaya qoşulmağa başlayıblar: “Hazırda “Azərbaycanın gənc dostları” klubunun 300-dən çox üzvü var. Onlar Azərbaycan multikulturalizmini, ümumiyyətlə multikulturalizm siyasətini bizimlə birgə dünyada təbliğ etməklə məşğuldular. Bununla da məntiqi halqa tamamlanır. Həmin fənni dinləyən tələbələr ölkəmizə gələrək Azərbaycanla bağlı praktiki bilgilər əldə edirlər. Bu fənni dinləyən tələbələr daha sonralar da Azərbaycanla olan bağlılığını bu və ya digər formada saxlayır. Baxsanız, bu gün həmin gənclər arasında Azərbaycan haqqında kifayət qədər yazılar yazan, Azərbaycanın təəssübünü çəkən, ölkəmizi sevən, tədris, təhsili haqqında, iş mühiti, siyasəti haqqında geniş bilgiləri öz ölkəsində təbliğ edən, Azərbaycanın xaricdəki səfirliklərinə dəstək göstərən gənclər formalaşmağa başlayıb. Biz istəmədən də bu, faktiki olaraq lobbiçilik fəaliyyətinə də çevrilməyə başladı. Düşünürəm ki, bu fəaliyyət gələcəkdə daha da artacaq və böyük bir dalğaya çevriləcək”.
YAY MƏKTƏBİ ÇƏRÇİVƏSİNDƏ ÖLKƏNİN TANINMIŞ İCTİMAİ-SİYASI XADİMLƏRİLƏ GÖRÜŞLƏR KEÇİRİLİB
R.Həsənovun dediyinə görə, yay və qış məktəbində tələbələr yalnız akademik mühazirələr dinləməklə kifayətlənmirlər. Onlar eyni zamanda, ölkənin tanınmiş ictimai-siyasi xadimləri ilə görüşlər keçirirlər. “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adı altında keçirilən VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları da BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsinin rəsmləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşlər keçiriblər. Tələbələrin Şəhidlər xiyabanına və Fəxri xiyabana, Qobustana, Atəşgaha, İçərişəhərə, Oğuzda Yuxarı və Aşağı məhəllə sinaqoqlarına, Xalxal meşəsinə, Şəkidə Karvansaray, Xan sarayı kompleksinə, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsinə, Alban-udi xristian kilsəsinə, “Tufandağ” yay-qış turizm istirahət kompleksinə, İsmayıllı rayonunda malakanların yaşadığı İvanovka kəndinə səfərləri də təşkil edilib: “Yay məktəbi çərçivəsində layihə iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, tarixən Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi həm multikultural dəyərlərin, həm də dini azad fikirliliyin, tolerantlığın təşəkkül tapmasına və inkişafına zəmin yaradıb. Azərbaycan nadir mədəniyyətə malik ölkədir. Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş verib. Burada tarix boyu atəşpərəstlik, türk, İran, Qafqaz, yəhudi, Xristian, İslam, Şərq, Qərb, slavyan, sosializm və digər müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşaraq dünyanın inkişafı üçün örnək sayıla biləcək multikulturalizm modelini formalaşdırıb.
Yay məktəbi çərçivəsində Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) “AIDA və fəaliyyəti” mövzusunda və Mədəniyyət Nazirliyinin Bakı prosesinin on illiyi ilə təqdimatları keçirilib.
YAY MƏKTƏBİNİN İŞTİRAKÇILARI PREZİDENTƏ MÜRACİƏT ÜNVANLAYIB
R.Həsənov bildirib ki, hər il keçirilən yay qış məktəbinin sonunda olduğu kimi, “Bakı prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin yekununda iştirakçılar tərəfindən prezident İlham Əliyevə müraciət ünvanlanıb. Gənclər məktəblərin effektivliyi, onlara göstərilən diqqətə, Azərbaycanda şahidi olduqları mənzərə ilə bağlı prezidentə müraciət ünvanlayıb, təşəkkürlərini bildirib və bununla da Azərbaycan Respublikasının həyata keçirdiyi multikulturalizm siyasətinə dəstəklərini göstəriblər.
UĞURLU NƏTİCƏ
R.Həsənov qeyd edib ki, yay məktəbi haqda təəssüratlarını bölüşən gənclər, Azərbaycanda gördüklərinin onlarda böyük maraq doğurduğunu və yaddaşlarında silinməz iz buraxdığını deyirlər. İştirakçılar ölkəmizə yenidən qayıtmaq arzusunda olduqlarını qeyd edirlər. Onlar Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirirlər. Əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək olan BBMM-nin fəaliyyəti də iştirakçıların diqqət mərkəzindədir. Onlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirirlər. Bu gənclər içərisində BBMM-nin fəaliyyətini yaşadığı ölkədə təbliğ edən, dəstəkləyən, Mərkəzin həyata keçirdiyi digər layihələrində iştirak etmək arzusunda olanların sayı da az deyil. Bu da bizi çox sevindirir”.
Sevinc QARAYEVA
Запись RƏVAN HƏSƏNOV: “YAY VƏ QIŞ MƏKTƏBİ LAYİHƏSİ BİRBAŞA PREZİDENT İLHAM ƏLİYEVİN TÖVSİYƏSİ VƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRİLİR” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.