Onuncu Beynəlxalq Multikulturalizm Qış Məktəbində 19 ölkənin nümayəndəsi iştirak edir
Quba, 16 fevral
Fevralın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhfəsi” adlı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qubada ilk mühazirəni dinləyiblər.
Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktorun müavini Rəfi Qurbanovun “Dəyərlər milli maraq kontekstində: cəmiyyət və dövlət” mövzusunda mühazirəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Dövlətin maraqlar üzərində formalaşan siyasətindən danışan mühazirəçi bildirib ki, dünya təcrübəsində milli maraqlar əsasən üç istiqamətdə təzahür edir. Bunlara hüquqi-normativ aktlar, siyasi iradə və institusional baza aiddir. Mühazirədə göstərilən istiqamətlər üzrə Azərbaycan nümunəsi təhlil edilib və əldə olunan nəticələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılar arasında “Azərbaycan haqqında nə bilirik” adlı sual yarışması keçirilib və qalib iştirakçıya Mənəvi Dəyərlərin Təbliği Fondunun hədiyyəsi təqdim edilib.
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-nin “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Fevralın 22-dək davam edəcək X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San-Tome və Prinsipi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir. Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.
Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.