Azərbaycanın multikulturalizm modeli Astanada müzakirə edilib

Qazaxıstanın paytaxtı Astana şəhərində  “Qazaxıstan Respublikasında vətəndaş identikliyi - mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina konfransın panel iclasında “Multikultural cəmiyyətdə vətəndaş identikliyinin formalaşmasında Azərbaycanın təcrübəsi” adlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın multikulturalizm modeli və onun  əsas prinsipləri haqqında məlumat verilib, azərbaycançılığın ölkəmizdə vətəndaş kimliyinin formalaşması prosesinin əsasını təşkil edən dəyərlərin birləşdirici sistemi olduğu vurğulanıb. Qeyd edilib ki, vətəndaş kimliyi mürəkkəb prosesdir və ölkədəki etnik azlıqların hüquqlarının qorunmasına həssas yanaşılmalıdır.
“Vahid millətin formalaşmasına əsas yanaşmalar” mövzusundakı panel iclasında Almaniya, Qazaxıstan, Gürcüstan, Türkiyə və Polşanın beyin mərkəzlərinin mütəxəssisləri və araşdırmaçılar da iştirak ediblər. Konfransda həmçinin “Vətəndaş kimliyi: mövcud vəziyyət və meyllər”, “Vətəndaş kimliyi terminologiyası problemləri” və digər mövzularda müzakirələr aparılıb.

Etiketlər