Rəvan Həsənov: Sülhün qorunmasının vacibliyini multikulturalizm məktəbinin iştirakçılarının diqqətinə çatdırmaq istəyirik
Bu gün artıq növbəti beynəlxalq multikulturalizm məktəbi öz işinə başlayır. Bildiyimiz kimi, layihəmiz ənənəvi format alıb və 15-ci dəfədir ki, təşkil olunur. Bu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən dünya universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisinin təşkilinin davamı olan bir layihədir. Bu layihə çərçivəsində Azərbaycanın multikulturalizmi haqqında nəzəri biliklər əldə edən tələbələr ildə iki dəfə ölkəmizə səfər edirlər. Beləliklə, onlar Azərbaycanın müxtəlif bölgələrində olan tolerantlıq, multikulturalizm, din, dövlət münasibətləri haqqında geniş praktik biliklər əldə edirlər.
Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib.
Layihə iştirakçılarının Bakı ilə yanaşı, Qarabağa və Şərqi Zəngəzura da səfər edəcəyini diqqətə çatdıran direktor budəfəki layihənin mövzusunun məhz sülhə çağırışla bağlı olduğunu deyib: “Bu dəfə 21 ölkədən 30-a yaxın tələbə, professor iştirak edir. Onlar layihə müddətində yalnız Bakı şəhərində deyil, eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada, Ağdamda və Laçında olacaqlar. Budəfəki multikulturalizm məktəbi "Sülhün və dialoqun qorunmasında mədəni irsin rolu" mövzusuna həsr olunub. Ona görə ki, işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış, vandalizmə məruz qalmış mədəni irs mövcuddur. Biz istəyirik ki, həmin gənclər də məhz mədəni irsimizə qarşı törədilmiş cinayətləri, bu gün orada baş verən təmir-bərpa proseslərini, ümumiyyətlə, beynəlxalq konvensiyalarla qadağan olunmuş, işğal dövründə dağıdılmış tarixi, dini abidələrimizin hansı vəziyyətə salındığını görsünlər. Bununla da biz əslində sülhün qorunmalı olduğunun vacibliyini onların diqqətinə çatdırmaq istəyirik. Budəfəki layihəmizin məqsədi məhz budur", - deyə R.Həsənov vurğulayıb.