Parisin “La Gazette du Caucase” qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub
Parisin “La Gazette du Caucase” qəzetində “Azərbaycan Cənubi Qafqazda multikulturalizmin ən yaxşı nümunəsidir” adlı məqalə dərc olunub.
Məqalədə qeyd olunub ki, Azərbaycan multikulturalizm prinsiplərini təcəssüm etdirən, həm milli ənənələri, həm də humanizmi özündə ehtiva edən nadir ölkələrdən biridir. Tarixi İpək Yolu üzərindəki strateji mövqeyi sayəsində müxtəliflik hər zaman Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olub. Bu gün Azərbaycanın şəhər və rayonlarında müxtəlif etnik qruplar bərabərhüquqlu şəkildə dinc yaşayır, öz mədəniyyətlərini inkişaf etdirirlər. Vurğulanıb ki, Azərbaycanın müxtəlifliyə sadiqliyinin bariz nümunəsi onun Qoşulmama Hərəkatına uğurlu sədrliyidir.
Məqalədə Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı törətdiyi vəhşiliklərdən də bəhs edilir: “Uzun illərdir ki, erməni tərəfi Azərbaycan ərazisində guya “erməni irsinin məhv edildiyini” yüksək səslə bəyan edərək, tarixi alban kilsələrinin bərpasına mane olmağa çalışır. Bu gün son iki əsrdə ilk dəfə olaraq Alban-udi xristian icması sərbəst şəkildə öz məbədlərini ziyarət edə və əcdadları tərəfindən tikilmiş kilsələrdə ibadət mərasimləri keçirə bilirlər. Hətta iki ölkə arasında münasibətlərin ən pis dönəmlərində də Azərbaycanda erməni kilsələri fəaliyyətini davam etdirib. Lakin Qarabağ erməni işğalı altında olarkən işğal olunmuş ərazilərdəki Azərbaycan məscidləri taxıl anbarı kimi istifadə edilib, tarix və mədəniyyət abidələri dağıdılıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan və onun prinsipləri Cənubi Qafqazda böyük hörmətə layiqdir”.