Multikulturalizm Mərkəzi müəllimlər üçün treninq keçirir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda bu layihə çərçivəsində dünyanın 21 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. Bununla yanaşı, 2015-ci ildən etibarən, Azərbaycanın bir çox nüfuzlu ali təhsil ocaqlarının bakalavr pilləsində “Multikulturalizmə giriş” seçmə fənn kimi tədris edilir.
Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və təhsil nazirinin müvafiq əmri ilə artıq 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris ediləcəkdir. Bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması üçün təşkil olunan hazırlıq treninqinə sentyabrın 2-də strat verilib. Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Multikulturalizm elmi-tədqiqat laboratoriyasında keçirilən treninq sentyabrın 13-dək davam edəcək. Treninqdə “Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti. Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmalari” (mühazirəçi Rəşad İlyasov), "Dinin mahiyyəti və onun təzahür formaları. Müasir dövrdə din.” (mühazirəçi Asəf Qənbərov), “Buddizm, Konfutsiçilik, Daosizm, Sintoizm, Hinduizm, Caynizm, Siqhizm. (mühazirəçi Güney Həsənova), “Zərdüştilik, Yəhudilik, Xristianlıq” (mühazirəçi Elnurə Həsənova), “İslam. Qədim türk inancları.” (mühazirəçi Anar Qafarov), “Etnik müxtəliflik və milli ideya” (mühazirəçi Eyyub Kərimov), “Multikulturalizm etnik–mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi. Müasir dövrdə Azərbaycanda multikulturalizm.” (mühazirəçi Rəhim Rəhimov), “Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsiri” (mühazirəçi Billurə Aslanova), “ Etnik-mədəni müxtəlifliyin və multikuıtralizm siyasətinin ölçülməsi. Miqrantın inteqrasiya siyasəti indeksi (MİPEX).” (mühazirəçi Şəmşad Əlizadə), “Müasir dövrdə Qərb ölkələrində etnik – mədəni müxtəliflik və onun tənzimlənməsi” (mühazirəçi Rəfi Qurbanov) kimi mövzularda mühazirələr oxunacaq. Ölkənin əksər ali təhsil məktəblərindən 100-dən çox müəllimin qatıldığı treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
BBMM-in Mətbuat Xidməti