“Azərbaycan multikulturalizmi monumental incəsənət kontekstində” kitabının təqdimatı olub
Bakı, 23 aprel
Aprelin 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Azərbaycan multikulturalizmi monumental incəsənət kontekstində" kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifləri Zəhra Muradova və Könül Mikayılovadır.
BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycanda multikultural dəyərlərin və tolerantlıq ənənələrinin yaşının əsrlərlə ölçüldüyünü, ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların yüz illərlə qardaşcasına yaşadığını vurğulayıb. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dinlərə mənsub insanlar rahat yaşayırlar. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə eyni münasibət var.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsləhətçisi Ülviyyə Abbasova ölkəmizin dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanındığını bildirib. Qeyd edib ki, multikulturalizm dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının ölkəmizdə elan etdiyi "Multikulturalizm İli" və "İslam Həmrəyliyi İli" bunun bariz nümunəsidir.
Kitabın əhəmiyyətindən danışan Ü.Abbasova bu nəşrin Azərbaycan multikulturalizminin tanıdılması istiqamətindəki önəmli rolundan bəhs edib.
Digər çıxış edənlər də yeni kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, gənclərə multikultural dəyərlərin aşılanması baxımından da bu kitab mühüm önəm kəsb edir. Bu nəşr Azərbaycan multikulturalizmi haqqında məlumatların dünyaya çatdırılmasında böyük rol oynayacaq. Kitab Azərbaycanın multikulturalizm modelinin təbliği üçün dəyərli mənbədir.