İslamofobiya nədir?
İslamofobiya etimoloji cəhətdən İslam qorxusu kimi İslama və ya müsəlmanlara qarşı düşmənçilik anlayışını ifadə edən bir termindir. İslamofobiya İslama və müsəlmanlara qarşı irrasional qorxuya və ya qərəzli münasibətə istinad edir, çox vaxt müsəlmanlara qarşı ayrı-seçkilik və zorakılıq aktlarına gətirib çıxarır. Oksford ingilis dili lüğətinə görə, bu söz "İslamdan güclü nifrət və ya qorxu, xüsusən də siyasi qüvvə kimi müsəlmanlara qarşı düşmənçilik və ya qərəz" mənasını verir. Bu termin ilk dəfə 1990-cə illərdə istifadə olunmağa başlanıb. 1997-ci ildə nəşr olunmuş “İslamofobiya: hamımız üçün bir təhdid” adlı Rannimed hesabatı o dövrdə İngiltərənin daxili işlər naziri vəzifəsini tutan Cak Strou tərəfindən hazırladılmışdı. Bir sözlə, "islamofobiya" İslam və müsəlmanlar sarıdan sosial narahatlığı ifadə edir.
İslamofobiya mahiyyət olaraq mövcud avrosentrik və şərqçi qlobal güc strukturları tərəfindən təhrik olunan uydurma qorxu və ya qərəzdir. Bu, ikibaşlı mənaya gəlir, “başqasını” düşmən elan etmək niyyətinə dayanır. Tarix boyu qərblilərin islama qarşı qərəzli yanaşma, tənqiddən daha çox təhqir etmə tendensiyası müşahidə olunub. Onlar düşmən obrazı yaratmaqla öz dəyərlərini mühafizə etməyə çalışıblar. Orta əsrlərdə Qərb mədəniyyəti tərəfindən dini və teoloji arqumentlərlə yadlaşdırılan İslam mədəniyyəti hazırda siyasi və sekulyar arqumentlərlə təhlükəsizlik problemi kimi qəbul edilir. “İslami təhdid” beynəlxalq münasibətlərdən tutmuş sosial seferaya qədər hər yerdə manipulyasiya olunur. Buna “sivilizasiya reabilitasiyası” da demək olar.
Samuel Hantinqtonun "mədəniyyətlərin toqquşması" (Clash of Civilizations) konsepsiyasını da bu kontekstdə başa düşmək lazımdır. Belə ki, hərbi güc, xüsusilə qlobal siyasət və təhlükəsizlik məsələləri baxımından ABŞ, İngiltərə və Fransanın xüsusi çəkisi var. Dünya ictimaiyyəti (World Community) anlayışı da bu siyasətə istinad edir. Hantiqtonun mədəniyyətlərə dair strateji konsepsiyası digər mədəniyyətlərlə dialoq üçün deyil, labüd konfliktlərin istiqamətlərinin müəyyən edilməsi məqsədilə istifadə olunur. Hantiqtona görə, İslam dünyası gücsüz olmasına rəğmən sivilizasiyalar arasında Qərbə qarşı durma ehtimalı ən yüksək olan sivilizasiyadır. Onun fikrincə, İslam və Qərb mədəniyyətləri bir-birinə tərs mütanasibdirlər və Qərb bundan istifadə edərək özü üçün düşmən obrazı formalaşdırmalıdır. Bu mənada İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı ayrı-seçkilik onların cəmiyyətdən təcrid olunmasına haqq qazandırmaq məqsədi güdür.
Müasir dövrdə bir çox tədqiqatçı islamofobiyanı ksenofobiyanın və ya irqçiliyin bir forması hesab edir. Bu kontekstdə islamafobiya müsəlmanlara qarşı irqçilik, anti-Asiya, anti-türk və ərəb irqçiliyinin davamı sayıla bilər. İslamofob diskursların formalaşması irqi təəssübkeşliyin digər formalarının inkişafı ilə paralel gedən prosesdir. Ancaq bəzi sosioloqlara görə, irqçilik və islamofobiya “analitik baxımdan fərqlidir”, lakin “empirik olaraq bir-biri ilə əlaqəlidir”. İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyası (ECRI) islamofobiyanı “İslama, müsəlmanlara və onlara aid məsələlərə qarşı qorxu və ya qərəzli baxış” kimi qəbul edir. İslamofobiya insan hüquqlarının pozulması və sosial birliyə təhlükədir.
Bəzi tədqiqatçılara görə, Qərb ölkələrində güclənən islamofobiya multikulturalizmin inkar olunması ilə düz mütənasibdir. Bu mənada islamofobiya multikulturalizmin “fobiyası”dır və İslamın Qərbdə transkultural proseslər vasitəsilə yarada biləcəyi pozucu təsirdir. Qərbdə islamofobiyaya təkan verən başlıca səbəblərdən biri də ciddi məlumatsızlıqdır. Müsəlmanların “özgə” kimi qələmə verilməsi, milli adət-ənənə və mənsubiyyəti ilə fərqlənən din və sivilizasiya zəminində təcrid və ayrı-seçkiliyin baş verdiyi bir sıra cəmiyyətlərdə islamofobiya ayaq açıb. İslamofobiya özü irqçilik olmasa da, irqçiliklə əhəmiyyətli dərəcədə qarşılıqlı əlaqədədir.
İslamofobiya son illərdə ifrat sağçı siyasətçilər, bəzi qlobal media qurumları sayəsində daha da populyarlaşdı. Bu qurumlar müsəlmanları cəmiyyət üçün yararsız kimi təqdim edərkən siyasi təhrikçiyə çevrilir. Xəbər proqramlarında, siyasi platformalarda və televiziya verilişlərində müsəlmanlar başqa bir dini qrupun gözündə məkrli üsullarla aşağılanır, şeytaniləşdirilir və insanlıqdan çıxdaş olunur. Bu sui-istifadənin miqyası o qədər böyükdür ki, LDS (İsa Kilsəsi və Son Gün Müqəddəsləri – adətən Mormonlar kimi tanınır) üzvləri bir zaman özlərinin çəkdikləri ağrıları hazırda müsəlmanlar tətbiq olunan situasiyalarda hiss edirlər. Bu tendensiya üzrə yəhudi qrupları da ağrılı və faciəli keçmişin əks-sədasını görərək, müsəlmanlara qarşı rəftardan dərin narahatlıqlarını ifadə edirlər.
2001-ci ilin 11 sentyabr hadisəsindən sonrakı araşdırmalar həm ABŞ-da, həm də Avropada islamofob hərəkətlərin artdığını göstərir. Bu münasibətin qurbanlarını müdafiə etmək üçün müxtəlif ölkələrdə birliklər yaradılıb. Bir çox hücum və zorakılıqlar islamofobiyadan qaynaqlanır. Christchurch şəhərində iki məscidə hücum (51 ölü və 49 yaralı), Kvebek Böyük Məscidinə hücum (6 ölü və bir neçə yaralı), Oslo və Utoya faciələri (77 ölü və 151 yaralı) – bunlar hamısı islamofob terrorçular tərəfindən törədilib. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının müvafiq qətnaməsindən sonra 15 mart İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edilib.
Qlobal arenada islamofobiya kimi irqi ayrıseçkilik də, antisemitizm də, rasizm də multikultural mühitin və tolerantlığın zəifliyi nəticəsində ortaya çıxır. Odur ki, bu problemlərin həlli üçün multikulturalizmin təklif etdiyi yollara istinad etmək vacibdir.
Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin müdiri, fəlsəfə doktoru
Elnur QASIMOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi-Analitika şöbəsinin məsləhətçisi