Azərbaycan multikulturalizmi beynəlxalq konfransda müzakirə olunub
Samara Dövlət Texniki Universiteti və Azərbaycan Dillər Universitetinin birgə təşkil etdiyi “Müasir iqtisadiyyatın aktual problemləri və inkişaf meylləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Onlayn şəkildə baş tutan tədbirdə hər iki universitetin müəllim və tələbələri, araşdırmaçılar iştirak ediblər. Konfransın bölmə iclaslarından biri multikulturalizm mövzusuna həsr olunub. İclasda Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev çıxış edib. “Multikultural təhlükəsizlik dövlətin mühüm doktrinası kimi” adlı məruzədə multikultural təhlükəsizliyin əsas prinsipləri, eləcə də Azərbaycandakı multikultural və tolerantlıq mühiti haqda məlumat verilib. Daha sonra Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina “Azərbaycan multikulturalizm modeli: institutlar, formalaşma mexanizmləri” mövzusunda çıxış edib. Tədbir müzakirələrlə davam edib.