Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Qafqaz Müsəlmanları İdarəsində olublar
İyulun 30-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
Görüşdə çıxış edən QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev tədbir iştirakçılarına İdarənin tarixi haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, ölkəmizdə insanların əksəriyyəti İslam dininə mənsub olsa da, Azərbaycanda bütün dini inanclara hörmətlə yanaşılır. Azərbaycan multikultural ölkə kimi bütün dünyaya örnəkdir. Burada hər bir millətdən olan insanların azad və sərbəst yaşaması üçün bütün şərait yaradılıb. Azərbaycanda dini ayrı-seçkilik yoxdur və bundan sonra da olmayacaq. Müstəqillik dövründən sonra milli azlıqlar üçün yaradılan şərait daha da yaxşılaşdırılıb.
QMİ sədrinin birinci müavini tədbir iştirakçılarına uğurlar arzulayıb.
Sonra qonaqların sualları cavablandırılıb, xatirə şəkli çəkilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) iyulun 24-dən “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verib. Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Yay və Qış məktəbləri -tədris layihəsi çərçivəsində hazırda dünyanın 24 nüfuzlu ali təhsil ocağında, eləcə də ölkəmizdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunur. Layihənin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində 14 ölkənin - Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, Fransa, İspaniya, Misir, Türkmənistan, Gürcüstan, Rumıniya, Qana, Nigeriya, Bolqarıstan, Suriya kimi ölkələrin aparıcı universitetlərindən 20-dən artıq tələbə iştirak edir. Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilir. Yay məktəbi çərçivəsində Şəkidə Karvansaray, Xan sarayı kompleksinə, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsinə, Alban-udi xristian kilsəsinə, Qaxda Kürmük məbədinə ziyarət də nəzərdə tutulub.