Rəfi Qurbanov: Multikulturalizm Yay Məktəbi Azərbaycanın mədəniyyət diplomatiyasına töhfə verən fəaliyyətdir
Mən Beynəlxalq Multikulturalizm Yay Məktəbini iki cəhətdən faydalı hesab edirəm. Birinci cəhət odur ki, burada iştirak edənlərin böyük əksəriyyəti təmsil etdikləri ölkələrin universitetlərində Azərbaycan multikulturalizm fənnindən dərs almış tələbələrdir. Onlar universitetlərdə öyrəndiklərinin nəzəri tərəfini burada praktiki cəhətdən öz gözləri ilə görür, kitablarda oxuduqları məqamlara daha da aydınlıq gətirirlər.
Bu sözləri müsahibəsində Şəkidə keçirilən XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinə dəvət olunan Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov deyib.
Vəqfin direktoru bildirib ki, ikinci cəhət Azərbaycan mədəniyyət diplomatiyasına töhfə verən fəaliyyətlərdən biri də məhz elə multikulturalizm yay və qış məktəbləridir. “Çünki, bura gələnlərin böyük əksəriyyəti gənclərdir. Belə tədbirlər Azərbaycanın gənc dostlarının sayının artırılmasına töhfə verən amillərdən biridir. İnsan öz gözü ilə gördüyü şeyə daha tez inanır, nəinki eşitdiyi. Bu baxımdan, multikulturalizm məktəblərinin fəaliyyətini müsbət qiymətləndirirəm”,- deyə Rəfi Qurbanov vurğulayıb.