Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
Serbiyadan gəlmişəm və Azərbaycanda ilk dəfədir oluram. Ölkənizdəki tolerantlıq modelini öyrənirəm. VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi çərçivəsində artıq üç gündür Qubadayıq. Dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki “Giləki” və “Altı günbəz” sinaqoqları və Qubadakı məscidlərlə yaxından tanış olmuşuq. Qırmızı qəsəbədə yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Fərqli dinlərə mənsub insanların mehriban şəkildə yaşaması çox gözəldir.
Bu sözləri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Serbiyadan olan iştirakçısı Teodore Doriç söyləyib.
Serbiyalı iştirakçı bildirib ki, burada olduqları müddətdə Azərbaycanda müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşamasının əyani şahidi olublar.
“Layihə çərçivəsində hələ bir neçə gün də Azərbaycanda olacağıq. Bakı şəhərində də mühüm görüşlərimiz var. VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı. Bununla yanaşı, multikulturalizm sahəsində Azərbaycanın əldə etdiyi uğurlu modeli əyani şəkildə müşahidə etmək imkanımız da oldu”, - deyə Teodore Doriç bildirib.