Yay məktəbi iştirakçılarına multikultural təhlükəsizlik məsələləri ilə bağlı mühazirə oxunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin dördüncü günündə iştirakçılara növbəti mühazirə təqdim olunub.

Yay məktəbi iştirakçılarının budəfəki qonağı ADA Universitetinin professoru, şərqşünas alim Nəriman Qasımoğlu olub. O, layihə iştirakçılarına “Multikultural təhlükəsizlik dayanıqlı sülhün qarantı kimi" mövzusunda mühazirə oxuyub.

N.Qasımoğlu qeyd edib ki, multikultural təhlükəsizlik milli təhlükəsizliyin vacib elementidir. Multikulturalizm modelini tətbiq edən dövlət üçün multikultural təhlükəsizlik böyük əhəmiyyətə malikdir. Azərbaycan multikulturalizm modelini nümunə olaraq dəyərləndirən professor ölkəmizdə yaşayan müxtəlif dinlərin və xalqların nümayəndələrinin bərabər hüquqlara malik olduğunu vurğulayıb. Mühazirəçi Azərbaycanda müxtəlif xalqların öz ana dillərində tədrisinin olmasını xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycanda multikultural təhlükəsizliyin bütün prinsiplərinə əməl olunur.

Mühazirə sual-cavab və müzakirə şəklində davam etdirilib.

Proqrama uyğun olaraq, yay məktəbinin iştirakçıları iyulun 28-də günün ikinci yarısında Qax rayonunun tarixi məkanları ilə tanış olacaq, Kürmük məbədini ziyarət edəcəklər.

Qeyd edək ki, iyulun 24-də başlayan XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində 14 ölkənin - Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, Fransa, İspaniya, Misir, Türkmənistan, Gürcüstan, Rumıniya, Qana, Nigeriya, Bolqarıstan, Suriya kimi ölkələrin aparıcı universitetlərindən 20-dən çox tələbə iştirak edir.

Etiketlər