Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları Quba və Xaçmazda

 

Foto Quba

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 11-də Qubada öz işini davam etdirib.
Səhər saatlarında Qubaya gələn qış məktəbi iştirakçıları burada yerli gənclərlə birgə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Quba rayonu İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçılarını salamlayaraq onların səfərindən sevindiyini bildirib. İcra başçısı Qubadakı multikultural durum haqqında tələbələrə məlumat verib: “Quba rayonunda 149 kənd (onlardan yeddisi qəsəbədir) və bir şəhər yerləşir. Əhalisi 160 min nəfərdən artıqdır. Bağçılıq və turizmin inkişaf etdiyi Quba, alması və xalçaları ilə məşhurdur. Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 %-ni azərbaycanlılar, 9 %-ni tatlar, 6 %-ni ləzgilər, 1.8 %-ni yəhudilər,1.4 %-ni türklər, 1.4 %-ni xınalıqlılar və 1.2 %-ni digər xalqların nümayəndələri təşkil edir. Uzun əsrlərdir biz bu millətlərlə yanaşı, mehriban yaşayırıq. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlır fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olması ilə yanaşı dövlət siyasətində prioritet istiqamət olduğunun göstəricisidir. Qubada qış məktəbinin içtirakçılarını 20-yə yaxın qubalı gənc də müşayiət edəcək. İnanıram ki, buradakı birgə səfərləriniz və görüşləriniz zamanı qubalı gənclərlə qış məktəbinin tələbələri arasında ömür boyu sürən dostluqlar yaranacaq”.
Quba Soyqırımı Memorialının ziyarətindən sonra tələbələr qubalı gənclərlə birgə
Azərbaycandakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayevin müşayiəti ilə Qubadakı Qırmızı Qəsəbədə olublar, sinaqoqlara baş çəkiblər. Quba rayon icra hakimiyyəti başçısının Qırmızı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Pisax İsakov tələbələri salamlayaraq yəhudilərin adıçəkilən qəsəbədə, eləcə də Azərbaycanda məskunlaşması tarixindən, ölkəmizdəki normal multikultural əhval və tolerantlıq ənənələrindən söz açıb.
Sonra qış məktəbinin iştirakçıları ilə Qırmızı Qəsəbənin yerli gəncləri birgə çay süfrəsi arxasında səmimi söhbət aparıblar. Quba rayon Gənclər Şurasının üzvlərinin tələbələrlə maraqlı mövzularda diskussiyaları baş tutub. Gənclər Şurasının sədri Ramin Xudayev tələbələrlə əlaqələrin daha da intensiv və davamlı olması üçün təkliflərlə çıxış edib.
Həmin gün Xaçmaz rayonuna səfər edən gənclər Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.
Litva Edukologiya Universitetinin professoru Vidas Kavalyiauskas və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun moderatorluğu ilə “Dünya təcrübəsində multikulturalizm modelləri” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masada dünyanın müxtəlif multikulturalizm modelləri müzakirə edilib, multikulturalizmin Azərbaycan modelinin mahiyyətindən ətraflı söhbət açılıb. Professor Etibar Nəcəfov Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri barəsində tələbələrə məlumat verərək bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq Konstitusiya qarşısında bütün dinlər bərabərdir: “ Azərbaycan multikulturalizmini fərqləndirən xüsusiyyətlərdən biri də bu ali dəyərin xalqımızın həyat tərzi olması ilə yanaşı, dövlət siyasətində prioritet istiqamətlərdən biri olmasıdır. Azərbaycan dövləti ərazisində müxtəlif dinlərə aid abidələr inşa, təmir və restavrasiya etdirilir”.
Tədris gününün sonunda qış məktəbinin müdavimləri Xaçmaz Olimpiya İdman Kompleksində yerli gənclərin iştirakı ilə futbol, voleybol, üzgüçülük, şahmat, bilyard yarışları keçiriblər.
Qış məktəbinin 4-cü günü “Musiqi koleydeskopu” əyləncə proqramı ilə başa çatıb.

Запись Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları Quba və Xaçmazda впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.