IV Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib
Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov beynəlxalq multikulturalizm məktəbləri layihəsinin məqsədi haqqında söz açıb: “Tədris layihəsi çərçivəsində dünyanın 15 və ölkəmizin 40 qabaqcıl universitetində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görmələrinə şərait yaratmaqdır. IV Beynəlxalq Multikulturalizm qış məktəbi 13-20 fevral 2017-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında keçirilib. Qış məktəbi Bakı, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərib və burada Azərbaycanın ali təhsil müəssisələri ilə yanaşı Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərinin tələbələri iştirak edib. Ümid edirəm ki, bu layihənin iştirakçıları ilə dostluq və əməkdaşlığımız gələcəkdə də davam edəcək”.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür edib: “ Bir həftə tez bir zaman kəsiyində başa çatdı. Bizim üçün çox xoşdur ki, azərbaycanlı gənclərlə xarici ölkə universitetlərinin tələbələri bir araya gəldilər, dost oldular. Dövlət müşaviri Kamal Abdullayev qış məktəbi iştirakçıları ilə görüşdə cənab Prezident İlham Əliyevin belə bir fikrini səsləndirdi: “Azərbaycana olan maraq Azərbaycana olan sevgiyə çevrilməlidir”. Biz sevinirik ki, cənab Prezidentin bu hədəfini gerçəkləşdirə bilmişik və Azərbaycana olan marağın, dostluğun sevgiyə çevrilməsi istiqamətində hər iki təşkilatçı qurum səylərini əsirgəməyib. Qış məkətbinin həyata keçirilməsində əməyi olan hər bir kəsə təşəkkür edirəm. Bu gün biz sizinlə və siz də Azərbaycanla vidalaşırsınız. Amma inanırıq ki, bu vidalaşma müvəqqətidir. Biz sizə “hələlik” deyirik və sizi yenidən Azərbaycanda görmək arzusundayıq”.
IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçısı, “Azərbaycanın Gənc Dostları Klubu ” İctimai Birliyinin həmsədri, litvalı tələbə Salomeya Lukaite artıq ikinci dəfədir bu layihədə iştirak etdiyini və buradan əxz etdiyi təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib: “Azərbaycan mənim üçün doğma ölkədir. Dostlarıma, həmkarlarıma bu ölkənin multikultural dəyərləri, tolerantlıq ənənələri haqqında danışmaqdan yorulmuram. Çünki hazırda dünyada etnik və dini dözümsüzlüyün get-gedə artdığı, Avropanın multikulturalizmdən imtina etdiyi bir vaxtda Azərbaycanda multikulutralizmin dövlət siyasətinin aparıcı xətti və Azərbaycan xalqının çoxəsrlik həyat tərzi olması alqışlanası haldır. Bildiyimə görə, Azərbaycanda multikulturalizm siyasətinin həyata keçirilməsində İlham Əliyevin güclü siyasi iradəsi əsas rol oynayır. Məhz buna görə də ilk növbədə Azərbaycanın Prezidentinə, eyni zamanda təşkilatçı qurumlara beynəlxalq mulitkulturalizm məktəbi layihəsində iştirakımızı təmin etdiklərinə görə minnətdarlığımızı bildiririk.
2016-cı ilin yayında fəaliyyətə başlayan “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinə xeyli sayda xarici ölkələrin gəncləri üzv olmaq üçün müraciət edirlər. Klub artıq Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mobil qruplar şəklində fəaliyyətini davam etdirir. Azərbaycanın Dövlət müşaviri Kamal Abdullayevin bizimlə görüşündə qeyd etdiyi kimi, indi Azərbaycanın həqiqətlərini dünyada onun dostları müdafiə edir”.
Sonda qış məktəbinin iştirakçılarına sertifikatlar və Bilik Fondunun hədiyyələri təqdim edilib.
Bağlanış mərasimi bədii-musiqili proqramla yekunlaşıb.
Запись IV Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.