VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
Bakı, 22 fevral
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin fevralın 22-də bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Multikulturalizm Məktəbinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu kimi tədbirlər Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından çox önəmlidir. Multikulturalizm qış və yay məktəbləri Mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələrimizi də əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Tədbirin böyük əhəmiyyəti var. Belə ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu multikulturalizm siyasəti bu tədbir vasitəsilə beynəlxalq aləmə bir daha nümayiş olunur. Əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar. Şöbə müdiri Qış Məktəbinin iştirakçılarını Azərbaycandakı multikultural mühitin, uğurlu dövlət-din siyasətinin öz ölkələrində tanıdılması üçün səy göstərmələrinə çağırıb.