Çilinin ölkəmizdəki səfirliyinin nümayəndəsi Multikulturalizm Mərkəzinin qonağı olub
Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Koloma Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub. Qonağı salamlayan BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əlyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda ətraflı məlumat verib. Daha sonra R.Həsənov qonağı BBMM-in fəaliyyəti ilə geniş şəkildə tanış edib. O, Azərbaycan multikulturalizminin xarici ölkələrin nüfuzlu ali məktəblərində tədrisi, habelə Yay və Qış Beynəlxalq Multikulturalizm Məktəbləri haqda qonaqları maraqlandıran sualları da cavablandırıb. Söhbət zamanı BBMM-in icraçı direktoru Rəvan Həsənov 44 günlük Vətən Müharibəsində ölkəmizdə milli birlik və milli həmrəyliyin rolunu xüsusi olaraq qeyd edib. Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Koloma BBMM-in icraçı direktoru Rəvan Həsənova görüş üçün minnətdarlığını bildirib. Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq məsələləri mövzusunda danışıqlar aparılıb.