“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi

 

1200 - копия

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı iki ildən artıq müddət ərzində Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin  dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirməkdədir.

Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.

Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi  BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini  multikultural və tolerant dəyərlərin qorunub yaşandığı  ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil olunan beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq məhəbbətə çevrilib.

Növbəti “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı beynəlxalq multikulturalizm yay məktəbi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 18-27 iyul tarixlərində fəaliyyətə başlayacaq.

Yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 18 universitetdən 40-dan artıq tələbənin iştirak edəcəyi gözlənilir.

Azərbaycanın universitetlərindən də yay məktəbinə 20 tələbə qatılacaq.

Beynəlxalq multikulturalizm yay məktəbi Bakı şəhəri ilə yanaşı, Qəbələ, Oğuz, Şəki və Qaxda fəlaiyyət göstərəcək.

Yay məktəbi ərzində iştirakçıların Azərbaycanda yaşayan  müxtəlif dini və etnik icmaların rəhbərləri,  görkəmli dövlət və din xadimləri ilə görüşləri planlaşdırılıb.

Yay məktəbinin müdavimləri  “Azərbaycançılıq və etnik rəngarənglik”, “Terror multikulturalizmə qarşı”, “Azərbaycan multikulturalizmini tarixi: maddi-mənəvi dəyərlər”, “Multikulturalizm Azərbaycan musiqisində”, “Azərbaycanda dini müxtəliflik” mövzularında mühazirələr dinləyəcək, İsmayıllıda yerli gənclərin iştirakı ilə “Dünya ölkələrində multikulturalizm modelləri” adlı dəyirmi masada iştirak edəcəklər.

Yay məktəbi ərzində tələbələrin Şəhidlər Xiyabanı və Fəxri Xiyabana, İçərişəhərə, Nic qəsəbəsinə, molokanların kompakt yaşadığı İvanovka qəsəbəsinə, Kiş kəndinə- Qafqaz Albaniyası abidələrinin yerləşdiyi məkanlara,  Lahıca, Şəkidəki xan sarayı kompleksinə, Karvansaraya, Kürmük məbədinə, Oğuzda “Cuhudlar məhəlləsi”nə,  Yuxarı və Aşağı məhəllə Sinaqoqlarına, Qəbələdə Tufandağ yay-qış turizm istirahət kompleksinə səfərləri də nəzərdə tutulub.

 

Yay və qış məktəbinin əcnəbi iştirakçılarının timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb. Xarici universitet tələbələrinin Azərbaycan multikulturallığına öz gözləri ilə şahid olmaları, onların bununla bağlı xarici mətbuat orqanlarında mütəmadi olaraq yazılarla, məqalələrlə çıxış etmələri artıq öz bəhrəsini verir: Bu gün dünyada Azərbaycan multikulturalizmi nəinki tanınır və qəbul edilir,  artıq araşdırma və tədqiqat predmetinə çevrilib.

Запись “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.