Əcnəbi tələbələrə “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi konteksində” mövzusunda mühazirə oxunub

Fevralın 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli yerli və xarici tələbələr üçün mühazirə oxuyub.

Mühazirə “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi konteksində” mövzusuna həsr olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov bildirib ki, XI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 17 ölkədən (Türkiyə, Rusiya, İran, İtaliya, Almaniya, Koreya, Hindistan, Yaponiya, Rumıniya, Peru, ABŞ, Braziliya, Ukrayna, Bolqarıstan, Pakistan, Gürcüstan, Azərbaycan) 20-dən çox tələbə və tədqiqatçı iştirak edir.

Qeyd edib ki, tədbirin ilk günü iştirakçılar Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər. Daha sonra Ağdam və Şuşa şəhərlərinə nəzərdə tutulan səfər zamanı Şahbulaq qalası, İmarət saray kompleksi, Ağdam Cümə məscidi, Vaqif məqbərəsi, Bülbülün ev-muzeyi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qazançı kilsəsi, Şuşa qalası, Cıdır düzündə olub, erməni vandalizminin nəticələrini öz gözləri ilə görüblər.

Azad Cəfərli bildirib ki, işğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı ən mühüm istiqamətlərdən biridir. Bu ərazilərə həyatın yenidən qayıdışı, mədəni həyatın yenidən bərqərar olunması insanların yaşaması üçün maddiyyatdan da vacib bir elementdir.

O, mühazirəsində bu elementlərin aşılanması, tarixi Zəfərin nəticəsində əldə olunmuş irəliləyişin hansı sütunlar üzərində qurulacağı, mədəni irsə bizim baxışımız, dövlətin öz resurslarını səfərbər etməklə xalqın öz yurduna qayıdışının təşkil edilməsi və digər məsələlərə toxunub.

Mühazirədə xidmət rəisi tələbələrə ilk olaraq Qarabağda olan tarixi tikililər, mədəni irslə bağlı məlumat verib. Bildirib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra postkomfilikt mərhələsi başlayıb. Qeyd edib ki, azad olunmuş torpaqlarımızda insanlarımız mina təhlükəsinə görə sərbəst hərəkət edə bilmirlər. Təkcə Ağdamda 100 mindən çox mina basdırılıb. Ancaq hələ ki, minaların təmizlənməsi prosesi gedir.

Ermənilərin otuz il ərzində mədəni irsimizə böyük ziyan vurduğunu deyən Azad Cəfərli bildirib ki, tarixi abidələrimizi özününküləşdirmək məqsədilə üzərlərində dəyişikliklər ediblər. Çünki materialların analizi zamanı məlum olub ki, “bərpa işləri” son 30 ilə təsadüf edir. “Ermənilər bizi Qarabağa buraxmamaqla qeyri-maddi mədəni irsimizdən də məhrum etməyə çalışıblar. Qarabağı azad etdikdən sonra biz Xarıbülbül festivalı və Vaqif Poeziya Günlərini keçirə bildik”, - deyə Azad Cəfərli bildirib.

Qeyd edib ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə gələcəkdə turistlər üçün 20 hektarlıq ərazidə “Zəfər Muzeyi” açılacaq.

Sonra xidmət rəisi tələbələrin suallarını cavablandırıb.

Etiketlər