Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fevralın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən "Müharibə Cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qış məktəbinin iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.