Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində kitab təqdimatı olub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsini qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bugünkü təqdimatımız da həmin layihələr çərçivəsində görülən işlərdən biridir.
Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Qurban Səidin “Əli və Nino” romanının ləzgi, talış və udi dillərində, XIX-XX əsr “Talış poeziyası antologiyası”nın, “Xwezila...-Kaş ki..” hekayələr toplusu kitabçasının təqdimatı zamanı Mərkəzin icraçı direktoru Rəvan Həsənov deyib.
İcraçı direktor Azərbaycanda multikulturalizmin dövlət səviyyəsinə qaldırıldığını vurğulamaqla bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycan dövlətinin başlıca sərvətidir” sözlərini xatırladan Rəvan Həsənov İkinci Qarabağ müharibəsində dövlətimizin bu qiymətsiz sərvətinin oynadığı başlıca rolu qeyd edib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən “Xarı Bülbül” festivalının gedişatında təqdim olunan mədəniyyət nümunələrində Azərbaycan multikultural simasının təcəssüm olunduğunu bildirib.
Qurban Səidin alman dilində yazdığı, ingilis və türk dillərinə tərcümə olunan, 1937-ci ildə alman dilində Vyana şəhərində çap edilən “Əli və Nino” romanının Cənubi Qafqazla bağlı Avropada ilk təəssürat yaradan əsərlərdən olduğunu deyən icraçı direktor azərbaycanlı oğlanla gürcü qızının məhəbbət dastanının dünyanın aparıcı dillərində “danışdığı”nı qeyd edib.
Təqdimat Talış İcmasının ağsaqqalı İmamverdi Həmidov, ləzgi dilində nəşr olunan “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Kürd İcmasının ağsaqqalı, təqdim olunan kitablardan birinin müəllifi Əhməd Həpo və digər şəxslərin çıxışı ilə davam etdirilib.