Azərbaycanın mədəni-ictimai həyatında tatarlar

Doğmalığa qayıdışın əzablı və keşməkeşli  yüzillik tarixçəsi qısa xülasədə

Tatarların Azərbaycanla ədəbi-mədəni, hərbi-siyasi əlaqələrinin yüz ildən artıq tarixi var. Bu bağların yaranmasına həm ictimai-fəlsəfi düşüncə sahibi olan ziyalıların ideoloji təbliğatı, həm də şəxsi münasibətlər, sevgi, izdivac və qohumluq əlaqələri təkan verib.

Hələ 1907-ci ildə təhsil aldığı Odessa Universitetinin müvəqqəti bağlanması üzündən Krımın Bağçasaray şəhərinə köçmüş, gələcəkdə Azərbaycan cümhuriyyətinin qurucularından biri və ikinci baş naziri olacaq Nəsib bəy Yusifbəyli burada məşhur Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoymaqla, İsmayıl bəy Qaspıralının redaktoru olduğu "Tərcüman" qəzetinə məqalələr yazmaqla tariximizə Azərbaycan-Krım mədəni əlaqələrinin təməlini atanlardan biri kimi düşüb. Bu əlaqələr Nəsib bəyin şəxsi həyatına da təsirsiz qalmayıb, o, yalnız Krım tatarlarının yox, Rusiya imperiyasında yaşayan bütün türklərin ideoloji rəhbərlərindən sayılan İsmayıl bəyin böyük qızı Şəfiqə xanımla evlənib, bu nikahdan onların Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlib.

Sonradan onların ailə münasibəti pozulsa da, bu ayrılıq mənəvi-ideoloji bağlılığa təsir göstərə bilməmişdi. 1914-cü ildə İsmayıl bəy Qaspıralı ölüm yatağına düşdüyü zaman onun baş ucunda duranlardan biri də Nəsib bəy olmuşdu, İsmayıl bəy öz vəsiyyətlərini həm də ona xitabən söyləmişdi. Bundan başqa, belə bir fotoşəkil də var: yenicə torpağa tapşırılmış İsmayıl bəyin məzarı başında iki nəfər diz çöküb - bunlardan biri mərhumun oğlu, bir müddət "Tərcüman" qəzetinə redaktorluq etmiş Rüfət bəy, ikincisi də Nəsib bəy Yusifbəylidir. 

Nəsib bəy Azərbaycan Xalq Cümhuriyyətinin əvvəlcə maarif naziri, sonra isə baş naziri olduğu zamanlarda Şəfiqə xanıma məktublar yazmaqla övladlarını da götürüb Bakıya gəlməsini təkidlə ondan rica edirdi. Nəhayət, 1919-cu ilin payızında Şəfiqə xanım övladları ilə birlikdə Azərbaycan cümhuriyyətinin paytaxtına yetişdi. Burada onların ailə münasibətləri tam bərpa olunmadısa da, Şəfiqə xanım atasının da, keçmiş ərinin də həyatını həsr elədiyi milli-ideoloji mücadiləyə sadiq qaldı. O, Azərbaycanda cümhuriyyət quruculuğuna öz töhfəsini verməyə, bu məqsədlə öz pedaqoji təcrübəsindən yararlanmağa çalışırdı. Azərbaycanın bolşeviklər tərəfindən işğal olunduğu, Nəsib bəyin sirli bir şəkildə qətlə yetirildiyi günlərə qədər Bakıda keçirdiyi bir neçə ay içində Şəfiqə xanım Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kursların təşkilinə başlamışdı.

Sonradan övladlarını da götürüb Türkiyəyə köçən Şəfiqə xanım 1975-ci ildə orada dünyaya gözlərini yumdu.

İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsil almış qızı Zöhrə isə əslən ata yurdu Gəncədən olan aqronom Mirzə Göygöllə ailə qurdu.

***

Azərbaycanın sosial-siyasi, etnik-mədəni tarixində dərin iz buraxmış tatar əsilli xanımların sırası bununla bitmir. XX yüzilin ilk onilliklərində öz inkişafının zirvəsinə doğru irəliləyən Azərbaycan teatrının problemlərindən biri də aktrisaların azlığıyla bağlıydı. Çox zaman kişi aktyorlar qadın rollarını oynamağa məcbur olurdular, yaxud da qadın rollarını başqa millətdən olan aktrisalara verirdilər. Səhnəyə çıxmağa cəsarəti çatan türk-müsəlman qızları barmaqla sayılacaq qədər azıydı. Onlardan biri də 1901-ci ildə Rusiya imperiyasının Həştərxan şəhərində doğulmuş tatar qızı Mərziyə Yusif qızı Davudova idi.

Mərziyə Davudovanın istedadını o zamanlar Azərbaycanın ən böyük aktyoru və teatr rejissoru olmuş Hüseyn Ərəblinski kəşf etmişdi. 1918-ci ildə Həştərxanda qastrolda olan böyük sənətkar gənc qızın oyununu bəyənib, onu Bakıya dəvət eləmişdi. Mərziyə xanım taleyini əbədi olaraq Azərbaycan teatrı və kinosuna bağlamaq üçün 1920-ci ildə Bakıya gələndə Hüseyn Ərəblinski artıq həyatda deyildi, sənət qənimləri onu qətlə yetirmişdilər. Burada Mərziyə xanım başqa bir böyük aktyorla - Abbas Mirzə Şərifzadəylə tanış oldu. Onlar illər boyu eyni səhnəni bölüşdülər, dünya şöhrətli əsərlər əsasında qoyulan tamaşalarda tərəf-müqabil oldular. Bu ortaqlıq onların şəxsi həyatına da iz saldı - ailə qurdular, Firəngiz adlı övladları dünyaya gəldi. Abbas Mirzə ilə Mərziyə xanım illər boyu Azərbaycan səhnəsində baş rolları oynadılar, adları həyatda da, sənətdə də qoşa çəkildi - Hamlet və Ofeliya, Otello və Dezdemona, Karl Moor və Amaliya... Ömrünün faciəli sonuna qədər Abbas Mirzə səhnənin kralı, Mərziyə xanım isə kraliçası kimi qəbul olundu, Azərbaycan teatrının səmasında onların ulduzu qoşa parladı. 1936-cı ildə Sovet dövləti Mərziyə Davudovaya Xalq artisti adı verdi.

1937-ci ilin Stalin repressiyaları teatr və kino xadimlərindən də yan keçmədi: pantürkizmdə suçlandırılan Abbas Mirzə Şərifzadə 1938-ci ildə qətlə yetirildi. Ailəsi isə bu faciədən yalnız 17 il sonra xəbər tutdu. Həyat yoldaşı sorğulandığı zaman Mərziyə xanıma da çox mənəvi-psixoloji təzyiq göstərmişdilər ki, bunlar da onun səhhətinə təsirsiz ötüşmədi - görkəmli sənətkar 1962-ci ildə 61 yaşında dünyadan köçdü. Ancaq iki böyük sənətkarın Azərbaycan səhnəsində yaratdığı məktəb on illər boyu yaşadı. Onu da xatırladaq ki, Mərziyə Davudova 1956-cı ildən ömrünün sonuna qədər Azərbaycan Teatr Cəmiyyətinə sədrlik eləmişdi. Abbas Mirzə ilə Mərziyə xanımın tək övladı Firəngiz Şərifova da Azərbaycan səhnəsində və filmlərimizdə bir sıra unudulmaz obrazlar yaradıb.

***

Azərbaycanın iki böyük bəstəkarının - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin də həyatında tatar əsilli xanımların mühüm rolu olub. Onlar rus imperiyasının ayrı-ayrı bölgələrində, ancaq bir ildə, bir gündə - 1885-ci ilin 18 sentyabrında doğulmuşdular: Üzeyir bəy Qarabağda, Müslüm Maqomayev isə Çeçenistanın paytaxtı Qroznıda. İllər sonra, 1899-cu ildə hər ikisi Qori Müəllimlər Seminariyasına təhsil almağa yollanmışdı. Burada həm bir-biriylə, həm də onlarla bir sinifdə oxuyan tatar oğlu Əli Terequlovla dostlaşmışdılar. Terequlovlar ailəsi Tiflisdə yaşayırdı. Əli bəzən bazar günləri dostlarını qonaq çağırır, onlara Tiflisin gəzməli-görməli yerlərini göstərir, birlikdə teatra gedirdilər. Gələcəyin bəstəkarları Terequlovların qızlarını da elə bu illərdə tanımışdılar.

1904-cü ildə seminariyanı bitirən dostlar Azərbaycanın bir-birindən uzaq bölgələrində çalışmağa başladılar. Bu müddətdə həm bir-biriylə, həm də Terequlovlar ailəsiylə əlaqəni kəsmədilər, dostluğu davam etdirdilər. Bir neçə il sonra dostluq qohumluğa çevrildi, dostlar Əli Terequlovun bacılarıyla ailə qurdular - Üzeyir bəy Məleykə xanımla, Müslüm isə Badigülcamal xanımla. Bu iki ilham pərisinin sevgisi, mənəvi dəstəyi sayəsində bir ilin bir günündə dünyaya göz açmış bəstəkar dostlar, sonradan isə həm də bacanaqlar sənət möcüzələri yaratdılar: Şərqdə professional musiqinin, opera sənətinin təməlini qoymuş Üzeyir bəy bir-birinin ardınca bu gün də səhnədən düşməyən sənət inciləri bəstələdi, dostunun açdığı yolla gedən Müslüm də bir-birindən dəyərli musiqi əsərləri, operalar yaratdı. Bütün yaradıcı ömürləri boyu dostlar Terequlov ailəsinin qızlarından həm qayğı, həm mənəvi dəstək gördülər. Məleykə xanımın xəstəliyi ucbatından övladları olmadısa da, Üzeyir bəy ömür-gün yoldaşını boşamaq təkliflərini əsla qəbul eləmədi, 63 illik ömrünün sonuna qədər Məleykə xanımla baş-başa, ürək-ürəyə yaşadı.

***

Tatarların Azərbaycanın həyatında iştirakı yalnız mədəni çərçivələrlə məhdudlaşmır. Əslən Litva tatarlarından olan, 1865-ci ildə indiki Belarus respublikasının Qrodno vilayətində doğulmuş, əsl adı Maçey olan general Süleyman Sulkeviç 55 illik ömründə sanki üç ömür yaşamışdı. Əvvəlcə Çar ordusunda xidmət göstərən Sulkeviç bir sıra savaşların, o cümlədən, rus-yapon savaşının iştirakçısı olmuş, Birinci Dünya müharibəsi illərində yaradılan ilk müsəlman korpusuna komandanlıq etmiş, nümunəvi xidməti sayəsində bir sıra orden-medallarla mükafatlandırılmış, general-leytenant rütbəsinə qədər ucalmışdı. Bu, general Maçey Sulkeviçin qısa ömürlüyüdür.

Çar üsul-idarəsi devriləndən sonra 1918-ci ildə Sulkeviç Krıma gedir, həmin ilin iyun ayında burada formalaşdırılan Krım diyar hökumətinin əvvəlcə baş naziri, ardınca daxili və hərbi işlər naziri vəzifəsinə seçilir. Tatar xalqının müstəqil həyata başlamasını alqışlayan Ənvər Paşa (Osmanlı dövlətinin hərbi naziri) ona bu məzmunda təbrik də göndərmişdi: "Krım hökumətinin baş naziri general Süleyman bəy Sulkeviçə. Cəfər bəylə birlikdə Krımda hökumət qurduğunuza görə sizi təbrik edirəm! Osmanlı dövləti sizə arxa olacaq və yardım göstərəcəkdir". Alman qoşunları Krımdan çəkiləndən sonra - 1918-ci ilin 15 noyabrında Sulkeviç hakimiyyəti Solomon Krıma təhvil verdi. Bu da Süleyman paşanın qısa ömürlüyüdür.

Sulkeviçin təşəbbüsüylə Rusiyada Müsəlman Millətlərinin Müdafiə Cəmiyyəti yaradılmışdı. Tatarlar həm buna, həm də Krımdakı fəaliyyətinə görə onu "Süleyman paşa" deyə çağırmağa başlamışdılar. O zaman tatarlar inanırdılar ki, nə vaxtsa şimal torpaqlarından bir müsəlman oğlu gəlib rusların Krımdakı ağalığına son qoyacaq, tatarları qanadının altına alıb azadlığa qovuşduracaq, həm də o qəhrəman oğulun adı "Süleyman paşa" olacaq. Nağılın gerçəkləşdiyini görüncə tatarlar Maçey Sulkeviçin elə həmin əfsanəvi Süleyman paşa olduğu qənaətinə gəlib onu bu adla çağırmağa başlamışdılar.

Qısa keçən üçüncü ömründə isə general könüllü olaraq Məmməd bəy adını qəbul etmişdi - Məmməd bəy Sulkeviç. Hərbi Nazirliyin dəftərxanasına aid sənəddə öz əliylə belə yazmışdı: "Dinim müsəlman, adım Məmməd bəy, rütbəm general-leytenantdır. Azərbaycan vətəndaşlığını qəbul edirəm".

Məmməd bəy Sulkeviç Azərbaycana 1918-ci ilin dekabr ayında gəlmişdi. 1919-cu ilin mart ayına qədər Gəncədə yerləşən Birinci Müsəlman Korpusunun komandanı olmuş, ardınca Azərbaycan ordusunun baş qərargah rəisi vəzifəsinə təyinat almışdı. Bundan sonra Azərbaycanın milli qoşun hissələrinin formalaşması işi sürətləndi, ordu birləşmələrində çavuş məktəbləri yaradıldı, döyüş hazırlığının proqram və cədvəlləri tərtib olundu, kəşfiyyat işinin təşkilinə diqqət artırıldı. Bunlarla yanaşı, orduda intizamın gücləndirilməsi, səfərbərlik planının hazırlanması, paytaxtın və digər mühüm yaşayış məntəqələrinin, dəmir yolu xətlərinin müdafiə sisteminin qurulması yönündə də Sulkeviçin xidmətləri olmuşdu. Bir ildən də az çəkən qərargah rəisliyi dövründə general Sulkeviç o qədər işlər görmüşdü ki, onların hamısını sadalamaq çox vaxt aparar.

1920-ci ilin aprel işğalından sonra Məmməd bəy Sulkeviç bolşeviklər tərəfindən həbs olundu, 15 iyulda həbsxanada sorğu-sualsız güllələndi.

Şahidlərdən birinin sonradan dediyinə görə, ölümə gedən generalın son sözü bu olmuşdu: "Müsəlman ordusunun əsgəri kimi öldüyüm üçün çox xoşbəxtəm. Əlvida!"

Bu da general Sulkeviçin Məmməd bəy adı altında keçmiş üçüncü ömrünün tarixçəsi - qısa ömrün müxtəsər ömürlüyü.

***

Sulkeviç bolşevik repressiyalarının birinci dalğasında qətlə yetirilmişdi. Bilindiyi kimi, ötən əsrin 30-cu illərinin ikinci yarısında bundan heç də az amansız olmayan daha bir repressiya maşını işə salındı. Bu dalğada otuz minə yaxın Azərbaycan insanı gedər-gəlməz sürgünlərə göndərildi, qətlə yetirildi. Bunların da əksəri ziyalılar idi. Repressiyaya uğrayanlar arasında azərbaycanlılarla yanaşı, ölkədə yaşayan qalan xalqların təmsilçiləri, o cümlədən, tatarlar da vardı. Onlardan biri - professor Bəkir Çobanzadənin adı üzərində ayrıca durmamız lazımdır.

Bəkir Çobanzadə 1893-cü ildə Krımda, Simferopol qəzasının Qarasubazar şəhərində doğulmuşdu. İbtidai təhsilini öz yurdunda almış, parlaq zəkasıyla diqqət çəkdiyinə görə 14 yaşında Türkiyəyə oxumağa göndərilmişdi. Burada ərəb, fars dillərini mükəmməl öyrənmiş, müstəqil Krım arzusuyla yaşayan tatar gənclərdən ibarət Krım-tatar Tələbə Cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən olmuşdu. Sonra Budapeşt universitetinin tarix-filologiya fakültəsində təhsilini davam etdirmiş, orada doktorluq dissertasiyası müdafiə eləmişdi.

Vətənə dönəndən sonra Krımda müxtəlif ictimai-siyasi işlərdə çalışmış, eyni zamanda, elmi işlərlə məşğul olmuş, çox keçmədən Krım Universitetinin rektorluğuna qədər yüksəlmişdi. Sovet Azərbaycanı rəhbərliyinin dəvətilə respublikada yeni əlifba komitəsinin sədri, yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin başçısı təyin olunmuşdu. Orta Asiyada, Tatarıstanda, Başqırdıstanda, Krımda latın əlifbasına keçidlə bağlı iş aparmış, eyni zamanda, Tavrida, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın problemlərinə dair mühazirələr oxumuşdu (1920-1936). I Ümumittifaq Türkologiya qurultayının təşkili yolunda çox zəhmət çəkmiş, qurultayda iki məruzəylə çıxış eləmişdi. Azərbaycanda terminologiya, türkologiya və şərqşünaslıqla bağlı bir neçə önəmli vəzifədə çalışmışdı. Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdu. Bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası" (1932), "Elmi qrammatikanın əsasları" (1932) kitablarını digər alimlərlə ortaq şəkildə tərtib eləmişdi. Bəkir Çobanzadə həm də Azərbaycanda "Kitabi-Dədə Qorqud"un ilk araşdırıcılarından biri olmuş, Nəvai, Xətai və Füzuli poeziyasını linqvistik-poetik baxımdan incələmişdi.

Ensiklopedik biliklərlə yüklənmiş bu parlaq zəkanın qarşısına da məşum 1937-ci ilin 28 yanvarında sipər çəkildi - Kislovodsk kurort şəhərində dincəldiyi vaxt alim həbs olunub, az sonra Azərbaycana gətirildi. On beş dəqiqə sürən bədnam məhkəmə 45 yaşlı professorun barəsində ölüm hökmü çıxardı, elə ertəsi gün hökm icra olundu. Harada dəfn olunduğu bu gün də bəlli deyil. Bir çox əsəri itirilib, oğurlanıb, yaxud da məhv edilib.

1919-cu ildə çapdan çıxmış tatarca şeirlərindən ibarət kiçik kitabına yazdığı ön sözdə Bəkir Çobanzadə deyirdi: "Mənim yazılarım heç bir şey göstərməsə də, qırılan, çökən, darmadağınıq yaşayan, bəlkə də bu gün-sabah öləcək, yox olub gedəcək Krım tatarını, onun xətalarını, qüsurlarını, kədərini, duyğularını çox gözəl dilə gətitir. Bir gün tarix Krıma yar olsa, Krım tatarı öz soydaşlarını arasa, o zaman yazılarım ortaya çıxar. Amma belə olmasa da, zərəri yox... Krım tatarının bunca şanı, şöhrəti, bayrağı, torpağı qeyb oldu, mənim bir neçə yuxusuz gecəm, kədərli günüm itsə, nə dəyişəcək? Bu sətirləri yazmağımın verdiyi zövq, bəxtəvərlik mənə yetər. Tatarca bir kimsə danışmasa belə, bu dil yenə mənim üçün böyük sevinc və zövq mənbəyi kimi qalacaq. Çünki bu dildə qəhrəman xalqımın sevincli-kədərli min illik tarixi yatır, məğrur səsi eşidilir".

***

Bəkir Çobanzadədən başqa, daha bir məşhur tatar alimi - Bakı Dövlət Universitetinin müəllimi, tarixçi professor Əziz Saleh oğlu Qubaydulin də pantürkizmdə, vahid türk-tatar dövlətinin yaradılmasına çalışmaqda, türk, alman və yapon kəşfiyyatlarına casusluq etməkdə suçlandırılmaqla haqqında ölüm hökmü çıxarılmışdı.

Daha bir tatar əsilli Azərbaycan ziyalısı - 1901-ci ildə Krımda doğulmuş, Azərbaycan Tibb İnstitutunun, "Azərnəşr"in və Azərbaycan Sovet Ensiklopediyasının elmi işçisi Yaqub Zəki də 1937-ci ilin 13 iyununda həbs edilmiş, saxta ittihamlarla ölümə məhkum olunmuşdu.

Keçən əsrin 60-70-ci illərində Sovet Azərbaycanı hökumətinin tərkibində Ziya Kurmakayev və Hamza Bareyev adlı iki tatar əsilli nazir fəaliyyət göstərmişdi.

Ölkəmizdə ilk test imtahanlarının tətbiq olunduğu il əllisi qaqauz, əllisi də Krım tatarı olmaqla yüz türk gənci dövlət hesabına təhsil almaq şərtilə ali məktəblərimizə qəbul olunmuşdu.

Bu gün Azərbaycanda otuz mindən artıq tatar yaşayır. Onların bir qismi "Tuğan tel" Tatar Mədəniyyət Mərkəzi, "Yəşlek" Gənclər Təşkilatı, Tatar Dini İcması kimi qurumların ətrafında birləşib.

 

Fəxri UĞURLU
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı