Qış Məktəbi layihəsinin iştirakçılarına Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verilib
Xaçmaz, 18 fevral
Fevralın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları “Azərbaycanda multikulturalizm və tolerantlıq siyasəti” mövzusunda mühazirə dinləyiblər.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı, İlahiyyat İnstitutunun müəllimi Anar Qafarov dünyada multikulturalizmin və tolerantlığın əhəmiyyətdən danışaraq, Azərbaycanın bu istiqamətdə həm sosial, həm də hüquqi sahədə görülən işlər sayəsində nümunə bir ölkə olduğunu qeyd edib.
Məruzədə Azərbaycan Respublikasında multikultural və tolerant mühitin qorunub saxlanılması istiqamətində görülən sosial və siyasi tədbirlərdən söhbət açılıb, bu istiqamətdəki işlərin və tədbirlər planının ölkənin dini, etnik, mədəni, ideoloji və siyasi təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.
Anar Qafarov Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verib. Məruzədə, eyni zamanda, Azərbaycanın multikulturalizm siyasəti və cəmiyyət üçün vacibliyi, Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətinin əsasları, həmçinin Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinə uyğun olaraq praktik nümunələr barədə ətraflı söhbət açılıb.
Məruzəni dinlədikdən sonra Qış Məktəbi layihəsinin iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olub, açıq səma altında Şəxsiyyətlər muzeyi, Heydər Əliyev seyrəngahı və Çənlibel parkını gəziblər.
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Fevralın 22-dək davam edəcək X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San-Tome və Prinsipi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir.