Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniç Multikulturalizm Mərkəzinin qonağı olub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniçlə görüşüb. Qonağı salamlayan R.Həsənov Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əlyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda ətraflı məlumat verib. Azərbaycanlılar ilə yəhudilərin birgəyaşayış tarixinin yüzilliklərə söykəndiyini vurğulayan Rəvan Həsənov, ölkəmizdə yaşayan yəhudilərin respublikanın ictimai-siyasi həyatında aktiv fəaliyyətindən, eləcə də yəhudi dini icmalarına göstərilən diqqət və qayğıdan da söz açıb. Sonra o, qonağı BBMM-in fəaliyyəti ilə geniş şəkildə tanış edərək, Mərkəzin həyata keçirdiyi layihələr barədə danışıb. Ölkəmizə səfərindən məmnunluqla danışan Qadi Qroniç BBMM-in icraçı direktoruna görüş üçün minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan dünyada mədəni müxtəlifliyin və dini etiqad azadlığının təmin edildiyi azsaylı ölkələrdən biridir. Mədəniyyətlərarası dialoqun təbliği, Azərbaycanın simasında dini tolerantlıq və birgəyaşayışın unikal modelinin təşviqi bütün dünyada mühüm əhəmiyyət kəsb edir.
Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq məsələləri istiqamətində fikir mübadiləsi aparılıb.