Multikulturalizm və azərbaycançılıq mövzusunda onlayn konfrans keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Fəalları Klubunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və azərbaycançılıq” mövzusunda onlayn konfrans keçirilib. Tədbiri giriş sözü ilə Təhsil Fəalları Klubunun sədri Kərim Əsgərov açdıqdan sonar ilk olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov çıxış edərək multikulturalizm siyasətinin Azərbaycançılığın tərkib hissəsi kimi cəmiyyətin birgəyaşayış modelinə önəm qazandırdığını vurğulayaraq, onun cəmiyyətdə geniş yayılmasını təmin etdiyini, daha da möhkəmləndirdiyini qeyd edib. A.Qurbanov multikulturalizmin cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti bu müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını əks etdirdiyinə diqqət çəkib. Mərkəz əməkdaşı cəmiyyətdə birgə yaşayan milli qrupların və konfessiyaların nümayəndələrinin etnik-mədəni dəyərlərini qorumaqla multikulturalizm siyasətinin azərbaycançılığın sosial bazasına dəyər qataraq, bu ideologiyanı ölkədə yaşayan bütün xalqların və etnik qrupların ideologiyasına çevirdiyini bildirib: “Prezident İlham Əliyevin multikulturalizm siyasətinin inkişafı yönündə atdığı mühüm addımlardan biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasma dair 15 may 2014-cü il tarixində imzalanan fərmandır. Mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir. Mərkəz ötən müddət ərzində bu yöndə xeyli iş görüb. Görülən işlərə görə Azərbaycan bu gün dünya multikulturalizminin mərkəzinə çevrilir və Azərbaycan multikulturalizmi modeli bütün dünyada örnək olaraq qəbul edilir”. 

Konfransda çıxış edən Xudavəng monastırının vaizi, Alban-Udi Xristian İcmasının sədr müavini Rafiq Danakari Azərbaycanda etiqad azadlığının təmin olunmasından, milli azlıqlar üçün yaradılan şəraitdən, dövlətin onlara diqqət və qayğısından söz açıb. İcma nümayəndələrinin Qəbələnin Nic qəsəbəsində də Milad bayramını qeyd etdiklərini, Qarabağın işğaldan azad olunan ərazilərdə dini ayini keçirdiklərini diqqətə çatdıran Rafiq Danakari Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığını, ölkəmizdə bütün dini məbədlərin əsaslı şəkildə təmir olunduğunu söyləyib. O, Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpasının buna daha bir əyani sübut olduğunu vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, ankarabaku.com saytının rəhbəri, yazıcı - jurnalist Oktay Hacımusalı Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinin təmin edilməsində azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi multikulturalizm siyasətinin mühüm bir vasitə kimi geniş istifadə olunduğunu deyib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın çoxmillətli dövlət olaraq milli siyasətinin əsas məzmununu belə müəyyən edib: “...Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir о qədər zəngin olar”.

Psixoloq Gülnar Sadiq çıxışında gənclər, xüsusən də tələbələr arasında multikultural dəyərlərin, qarşılıqlı hörmətin və ehtiramın yayılmasının əsas səbəbi kimi əsrlərdir bir yerdə yaşayan xalqımızın olduğunu qeyd edərək, dövlətimizin bu istiqamətdə çox uğurlu maarifləndirmə işi apardığını qeyd edib. Bundan sonra elm və təhsil müəssisələrində bu yöndə maarifləndirici tədbirlərin keçirilməsinin önəminə toxunan Gülnar Sadiq təhsil işçiləri ilə müvafiq dövlət qurumlarının qarşılıqlı əlaqəsinin vacibliyindən də danışıb.

Sonda tələbələri maraqlandıran suallara cavab verilib.