Multikulturalizm Mərkəzinin Drezden filialının təqdimatında “Azərbaycan adlı möcüzə”
Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının təşkilatçılığı və “Alm.az” Alman-Azərbaycan Cəmiyyətinin birgə dəstəyi ilə dövlət müstəqilliyimizin bərpasının 25-ci ilinə həsr olunmuş “Azərbaycan adlı möcüzə” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının himni ilə start verilən tədbirdə həmyerlilərimizlə yanaşı şəhər meriyasının deputatları, Saksoniya Kitabxanasının əməkdaşları, Drezden Universitetinin və Chemnitz şəhər gimnaziyasının müəllim-tələbə kontingenti, almaniyalı iş adamları, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak edib.
BBMM-in Drezden filialının icraçı direktoru Birgit Vaysgerber çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı 25 ildə nail olduğu uğurlardan söz açıb. Direktor ölkənin ağır günlərində Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin ictimai-siyasi sabitliyi təmin etdiyini vurğulayaraq özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdiyini, bu sahədə mövcud problemlərin həlli yollarını göstərdiyini , məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycanın dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirərək zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməsinə nail olduğunu söyləyib.
Vaysgerber “Əsrin Müqaviləsi”ndən söz açaraq kontraktın müəllifi olan Heydər Əliyevin siyasətinin layiqli davamçısı İlham Əliyevin neftdən gələn kapitalı insan kapitalına çevirməsi strategiyasından, bugün Azərbaycanda fəaliyyət göstərən ASAN Xidmət qrupunun fəaliyyətindən, Prezidentin sərəncamı 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan olunmasından və 2017-ci ildə almanların Azərbaycan ərazisinə köçürülmələrinin 200 illiyi münasibətilə müxtəlif silsilə tədbirlərin qeyd olunacağından danışıb. Vaysgerber Azərbaycanın ev sahibliyi etdiyi müxtəlif beynəlxalq səviyyəli tədbirlərin yüksək təşkilindən söz açaraq iştirakçısı olduğu forumlar barəsində zəngin təəssüratlarını bölüşüb.
İcraçı direktor ölkədə tam azad internet və mətbuatın olduğunu, amma təəssüf ki, bir çox hallarda Qərbin heç bir əsası olmayan ikili standartlardan istifadə edib Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyini diqqətə çatdırıb. Vaysgerber Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalını xatırladaraq bu münaqişə ilə bağlı BMT-nin qətnamələrinin işğalçı dövlət tərəfindən hələ də yerinə yetirilmədiyini, beynəlxalq ictimaiyyətin bu mövzuda susqunluq nümayiş etdirdiyini deyib.
Tədbirdə icraçı direktor multikulturalizmin dövlət siyasəti olduğu Azərbaycanın maddi-mənəvi irsi, əsrarəngiz təbiəti ilə yanaşı yüksək tolerantlıq və multikultural dəyərləri yaşadan multietnik Azərbaycan xalqı haqqında qonaqlara dolğun məlumat verib.
BBMM-n Drezden filialının müşaviri və “Alm.az” Cəmiyyətinin sədri Ağa Hüseyn Babayevin də çıxış etdiyi tədbirdə ölkəmiz haqqında videoçarx təqdim olunub, milli musiqimiz səslənib, qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.
Запись Multikulturalizm Mərkəzinin Drezden filialının təqdimatında “Azərbaycan adlı möcüzə” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.