Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “multikulturalizm ili”ndə görüləcək işlər müzakirə edilib

 

IMG_9386Yanvarın 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 2016-cı ilin iş planının təsdiqi ilə bağlı iclas keçirilib. İclası BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “multikulturalizm ili” elan edildiyini və bununla bağlı müxtəlif dövlət qurumlarının qarşısına ciddi məsuliyyət qoyulduğunu vurğulayıb: “Cənab Prezidentin “multikulturalizm ili” ilə bağlı məsul qurumlar sırasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də adını çəkməsi və Mərkəzin gördüyü işi təqdir etməsi son dərəcə qürurdoğurucu bir hissdir, bizi yeni və ciddi addımlara ruhlandırır. Bizim layihələrimiz təbii ki, davam edir. Bu proyektlərdə biz əvvəlcədən nəzərdə tutduğumuz kimi müəyyən ideoloji, siyasi, mədəni hədəflər qoyub həmişə olduğu kimi o hədəflərə dogru gedəcəyik”.

İclasda 8-15 fevral tarixində keçiriləcək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi-öyrən, araşdır, paylaş” mövzusunda Beynəlxalq Qış Məktəbinin təşkili ilə bağlı məlumat verilib: “2015-ci ilin yaz semestrindən başlayaraq Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində və ölkəmizin 7 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlanıb və uğurla başa çatıb. Bu layihə növbəti semestr İsveçrə, Portuqaliya, Ukrayna və Türkiyədə davam etdirilib. 8-15 fevral tarixində xüsusi fərqlənən tələbələr üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti tərəfindən beynəlxalq qış məktəbi təşkil olunacaq. Xarici universitetlərin tələbələri semestr boyu Azərbaycan haqqında əldə etdikləri nəzəri bilikləri artıq ölkəmizi əyani şəkildə görməklə tamamlayacaqlar. Onları xoş istirahət, maraqlı mühazirələr və intellektual görüşlər, yeni dostlar gözləyir. Qış məktəbinin mühazirəçiləri arasında Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər var. Onlarla təmas tələbələrin dünyagörüşünə yeni çalarlar qatacaq. Bakı və ölkəmizin səfalı guşələrindən olan Quba, Qusar və Xaçmaz şəhərlərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qış Məktəbində 50-yə yaxın yerli və xarici tələbənin iştirakı planlaşdırılıb”.

Keçiriləcək Beynəlxalq qış məktəbi ilə bağlı tövsiyə və tapşırıqlarını verən Dövlət müşaviri xarici tələbələrin Azərbaycana marağının məhəbbətə çevriləcəyinə ümidvar olduğunu bildirib.

İclasda həmçinin il ərzində BBMM-in qarşısında duran vəzifələr və görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

 

 

 

 

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “multikulturalizm ili”ndə görüləcək işlər müzakirə edilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.