Kamal Abdullayev Himayəçilik Şurasının sədri seçildi
Noyabrın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Azərbaycan Respublikası Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovun sədrliyi ilə keçən iclasda BBMM Himayəçilik Şurasının digər üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Azərbaycanda Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin və Azərbaycan Rus Dram Teatrının bədii rəhbəri, xalq artisti Aleksandr Şarovski iştirak ediblər.
Toplantıda Prezidenti İlham Əliyevin 8 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təyin edilən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevi növbəti 4 il müddətinə yenidən sədr seçib. BBMM-in Himayəşilik Şurasının sədri Kamal Abdullayev göstərdikləri yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Himayəşilik Şurasının üzvlərinə təşəkkürünü bildirib və ölkə başçısı tərəfindən Mərkəzin qarşısında qoyulan vəzifələrin bundan sonra da uğurla həyata keçirilməsinə əmin olduğunu ifadə edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti