Azərbaycan multikulturalizmi Çin mətbuatında
Çin Xalq Respublikasının nüfuzlu “The Caspian Times” xəbər portalı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ilə müsahibəni dərc edib.
Müsahibədə Azərbaycan multikulturalizm modelinin üstünlükləri, mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeni çağırışları, bu siyasətin regional və qlobal təhlükəsizliyə verdiyi töhfələrdən geniş bəhs edilir. Müsahibədə qeyd edilir ki, Multikulturalizm artıq Azərbaycanda özünün ən yüksək nöqtəsinə çataraq dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və uğurlu bir siyasi modeldir. Azərbaycanda 30 dan çox müxtəlif mədəniyyətə sahib azsaylı xalqlar tarixi keçmişdən bu günə kimi sülh şəraitində birgə yaşayırlar. Eyni zamanda, bütün dinlər də cəmiyyətdə sərbəst şəkildə təmsil olunur. Bu zamana kimi nə milli, nə də dini zəmində heç bir qarşıdurma və fikir ayrılığı Azərbaycanda yaşanmayıbdır. Əksinə, ən çətin zamanlarda həmrəylik müşaiyət olunubdur. Azərbaycan unitar respublikadır. Dövlətin konstitusiyasına əsasən din dövlətdən ayrıdır və təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Dini inanclar tamamilə sərbəstdir. Ölkədə onlarla məscid, kilsə və sinaqoqlar fəaliyyət göstərir.
Müsahibədə daha sonra bildirilir ki, multikulturalizm siyasətinin ölkənin daxilindəki vəziyyətə təsirindən başqa onun beynəlxalq imicinə müsbət təsiri vardır və hüquq dövləti olmasına da bariz sübutdur. Bu gün artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır və bu model öyrənilir. Eyni zamanda, Azərbaycan dünya üçün mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi də tanınır. Göründüyü kimi, multikulturalizm siyasətinin təsiri çox böyük və həyati əhəmiyyətlidir. Müsahibədə eyni zamanda vurğulanır ki, Azərbaycanın bütün ali təhsil məktəblərində bakalavr və magist pillələrində multikulturalizm bir fənn kimi tədris olunur. Müxtəlif etno-mədəni və dini məxsusluğu olan uşaqların eyni təhsil imkanlarına malik olması, onların bir sinifdə təhsil almaları, hətta azsaylı xalqların öz dillərində də təhsil imkanlarının onlara verilməsi məsələsi kifayət qədər əhəmiyyətli məsələdir. Azərbyacnda bu vəziyyət konstitusiya və təhsil haqqında qanunla öz həllini tapıbdır və həm də praktikada da uğurla tətbiq olunur. Bu mövzu hal-hazırda demək olar ki, əksər dövlətlərdə müzakirə mövzusudur. Azsaylı xalqların dilində dərsliklərin olması, peşəkar pedaqoq bazasının formalaşdırılması vacib amillərdəndir. Əgər gələcəkdə tolerant və multikultural bir nəsilə sahib olmaq istəyiriksə, mütləq təhsildə bu hallara da həsas yanaşılmalıdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti