Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfrans keçirib. “Ümummilli Lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” adlı onlayn konfransda ölkəmizdə yaşayan milli və dini icmaların nümayəndələri, millət vəkilləri, ziyalılar iştirak ediblər.

 Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov Ümummilli Liderin multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab etdiyini vurğulayıb. O qeyd edib ki, Ulu Öndər  Azərbaycan ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarının, eləcə də, etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu Öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya olaraq irəli sürmüşdü.  Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir.  Heydər Əliyev bu ideologiyanı ortaya qoymaqla Azərbaycanda tolerantlıq və multikulturalizmin sürətlə inkişaf etməsinə geniş şərait yaratdı. Bu gün Ulu Öndərin ideyaları bütün sahələrdə olduğu kimi, multikulturalizm və tolerantlıq istiqamətində də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanı yüksək mədəniyyətə malik olan tolerant dövlət kimi dünyada tanınır.

Daha sonra Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, talış icmasının nümayəndəsi, professor İmamverdi Həmidov, Alban-Udi Xristian icmasının rəhbəri Robert Mobili,  “Samur” Ləzgi Milli Mərkəzinin rəhbəri İmran Rzayev, AMEA-Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Sakit Hüseynov, Azərbaycan-Avar İctimai Birliyinin rəhbəri Məhəmməd Nooyev və digərləri çıxış edərək, Ulu Öndərin bidirdiyi kimi, "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” fikrini vurğuladılar. 44 günlük Vətən müharibəsində də bunu milli və dini kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz fəallığı ilə bir daha sübut etdi. Konfransda qeyd edildi ki, qədim tarixə və zəngin ənənələrə malik xalqımızın xarakterik keyfiyyəti olan multikulturalizmin və tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb və bu sahə dövlətin qayğısı ilə əhatə olunub. Ölkəmizdəki multikultural və tolerant mühit Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin təkmilləşməsi sahəsində aparılan müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənmiş, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

 

https://azertag.az/xeber/1775957

https://rupor.az/sosial/18487-heydr-liyev-azrbaycan-multikulturalizminin-siyasi-banisidir.html