“The News Blaze” portalı: Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında birinci dünyəvi parlament demokratiyasıdır
Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yüz iki il bundan əvvəl yaradılıb. Bu, əlamətdar tarixi hadisə idi və qeyd etmək lazımdır ki, regionda ilk demokratik parlament respublikasının yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Amerikanın “The News Blaze” populyar informasiya-analitik saytında dərc olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında birinci dünyəvi parlament demokratiyasıdı” sərlövhəli məqaləsi bu mövzuya həsr edilib.
Məqalə müəllifi qeyd edir ki, 1918-ci il dekabrın 26-da AXC hökumətinin Baş Naziri vəzifəsinə seçilmiş Fətəli Xan Xoyski İstiqlal bəyannaməsinin mətnini oxuyaraq, hökumətin birinci və ən mühüm vəzifəsinin Azərbaycanın müstəqilliyini möhkəmlətməkdən ibarət olacağını xüsusi vurğulamışdı.
Arye Qut yazır: “dialoqda iştirak etmək və dialoq aparmaq, dinləmək və bir-birini anlamaq qabiliyyəti əsrlərboyu inkişaf etdirilir və uşaqlıqdan tərbiyə olunur. Bu baxımdan Azərbaycan yeganə ölkədir ki, orada dini fanatizmə, ksenofobiya və antisemitizmə heç vaxt yer olmayıb. Burada müxtəlif dini konfessiyaların nümayəndələri əsrlərboyu dinc yanaşı yaşayıb, bu ölkədə yaşayan xalqların dilləri, ənənələri və mədəniyyətləri qorunub saxlanılıb və inkişaf etdirilib. AXC 1918-ci ildə yaradıldığı andan etibarən meydana çıxa biləcək hər hansı etnik və dini çətinliklərin həlli üçün kompromis sistem işləyib hazırlayıb. Maraqlıdır ki, əhalinin etnik və dini sosial tərkibi barədə söhbət gedəndə Azərbaycan Xalq Cümhuriyyəti ABŞ ilə çox asanlıqla rəqabət apara bilirdi. AXC-nin analoqu yox idi, özü də təkcə Şərqdə yox”.
Müəllif xatırladır ki, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə milliyyətindən, dinindən, dilindən və ölkədə yaşama müddətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarına müraciət edərək onları yeni demokratik dövlət yaradılmasında fəal iştirak etməyə çağırırdı: “İş elə gətirib ki, biz hamımız birgə yaşamalıyıq. Dinindən və ya milliyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni bir vətənin övladlarıdır və ümumi vətənimizdə öz həyatımızı daha yaxşı təşkil etmək üçün biz bir-birimizə kömək əli uzatmalı, öz xoşbəxtliyimizi və daha yaxşı gələcəyimizi birlikdə yaratmalıyıq”.
Azərbaycan xalqının dövlətçiliyində bu çətin dövrdə yəhudi icmasının mühüm rolundan bəhs edən Qut vurğulayır ki, Azərbaycanın hüdudlarından kənarda bunu bilən azdır.
O yazır: “Bakılı məşhur yəhudi həkim Yevsey Gindes AXC-nin Səhiyyə naziri, AXC hökuməti yanında mərkəzi bankın direktoru yəhudi xalqının nümayəndəsi Mark Mixayloviç Aberquz olub. Aydındır ki, Azərbaycanın yəhudi icması Azərbaycanın ilk demokratik hökumətində nazir vəzifələrini bu icmanın iki üzvü icra etməsinə görə fəxr edirdi”.
Doktor Moşe Quxman 1918-ci il dekabrın 7-də yəhudi icması adından çıxış edərək demişdi: “Azərbaycan üçün bu böyük günlərdə müstəqil dövlət quruculuğunun başlandığı günlərdə mən 20 min Bakı yəhudisi tərəfindən seçilmiş bir nümayəndə kimi Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici hakimiyyətini salamlamağa gəlmişəm. Xalqların təyini-müqəddərat bayrağı altında və xalqın həqiqi maraqları əsasında Azərbaycan türklərinin bütün ictimai həyatı öz əllərinə almaq cəhdi Azərbaycan yəhudilərinin lap ürəyindəndir. Azərbaycan yəhudiləri hesab edirlər ki, onlar gənc parlamentin himayəsi altında həmişə öz hüquqlarının etibarlı müdafiəsini tapacaqlar. Bu, mənim qardaşlarıma, AXC-nin müxtəlif regionlarında yaşayan dağ yəhudilərinə daha çox aiddir və hər kəsin bizim hüquq və mənafelərimizi pozmaq cəhdinin qarşısı alınacaq”.
Arye Qut vurğulayır ki, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə fəal xarici siyasət yürüdüb, bir sıra ölkələrlə ikitərəfli münasibətlər qurub, çoxsaylı diplomatik missiyalar yaradıb və onları qəbul edib.
Arye Qut yazır: “Azərbaycan hökuməti ölkənin beynəlxalq aləmdə tanınması üçün çox fəal iş aparır və çox şeyə nail olub. Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etmək üçün göndərilib, orada dünya liderləri ilə görüşüb.
Çox təəssüf ki, 1920-ci ilin aprel ayında Azərbaycanın azad ölkələr birliyinə qoşulması dayandırılıb”.
İsrailli ekspert qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı tarixində çox gözəl və silinməz izlər qoyub. Müəllif sonda yazır: “Mövcud olduğu 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti parlaq fakt oldu. Repressiv kommunist rejimi Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarının kökünü kəsə bilmədi. AXC Azərbaycan tarixində ilk parlament respublikası kimi hüququn aliliyinə əsaslanan birinci və həqiqi demokratik dünyəvi dövlət modeli idi.
Bu gün müstəqil və güclü Azərbaycan AXC-nin layiqli varisidir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı AXC-nin zəngin dövlətçilik ideyalarından istifadə edərək bu mühüm tarixi irs zəminində müstəqil, güclü Azərbaycan dövləti yaradıb.