“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VII beynəlxalq elmi konfrans keçirilib
Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq elmi konfrans keçirilib.
Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan konfransa maraq böyükdür. Müxtəlif xarici dövlətlərdən elm və təhsil nümayəndələri, alimlər, ziyalılar konfransa böyük diqqət və maraq göstərirlər: “Bu gün biz Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. O, dahi bir lider, müdrik bir siyasətçi, xalqını, torpağını bütün varlığı ilə sevən, qoruyan bir şəxsiyyət kimi qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir.
Digər çıxış edənlər – Ege Universitetindən professor Fikret Türkmen, Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Hacı Fuad Nurullayev, Pakistan Milli Müasir Dillər Universitetinin rektoru general Mahmud Kyani, Belqrad Universitetinin Şərqşünaslıq kafedrasının müdiri Kseniya Aykurt, Aleksandr İoan Kuza adına Yassı Universitetinin professoru Lyudmila Bejenaru, Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, Mərakeş Universitetinin professoru Adil El Madhi, Auqsburq Universitetinin professoru Klaus Vulf, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, polkovnik Elşad Nəsirov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Buxara Dövlət Universitetinin prorektoru Abror Jurayev, Paraibe Federal Universitetinin professoru Ana Berenise Peres Martorelli konfransla bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, konfrans öz əhəmiyyəti və beynəlxalq əməkdaşlığın qurulması baxımından mühüm rol oynayır.
Türkiyə, Pakistan, Rusiya, Braziliya, Mərakeş, Almaniya, Serbiya, Rumıniya və Özbəkistandan iştirakçıların qatıldığı konfrans öz işini bölmə iclasları ilə davam etdirib.