İsveçdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıldı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda layihə çərçivəsində respublikamızın 40, dünyanın 17 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir.
Oktyabr ayının sonlarından etibarən bu sıraya daha bir xarici universitet də əlavə olunub. Isveçin Malmö Universitetinin qafqazşünaslıq bölməsində Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslərə başlanılıb. Dərslərin təşkili barədə razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Malmö Universitetinin Qafqazşünaslıq bölməsi arasında bu ilin fevral ayında rəsmiləşdirilib. Fənni Malmö Universitetində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edir. Tədrisə hazırlıqlara avqust ayından start verilib. Dərslər ingilis dilində keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində isveçlı tələbələrə ölkəmizdəki multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə və fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək. Kurs dekabrın sonunda yekunlaşacaq.
Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya Universitetləri ilə gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır. Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, ötən il nəşr edilən “Azərbayan multikulturalizminin ədəbi-bədii qaynaqları” və bu yaxınlarda işıq üzü görən “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksələcəyinə əminlik yaradır. Dünyanın nüfuzlu ölkələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərək “Azərbaycan multikulturalizmi” fənninin aparıcı ali təhsil müəssisəslərində tədrisi məqsədilə təkliflərini irəli sürürlər.
Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə 7 xarici universitet təklifi müsbət qarşılayıb. Hazırda isə bu say 17-ə çatıb.
Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.
Запись İsveçdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıldı впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.