Azərbaycan multikulturalizmi ABŞ-da təqdir edilir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı və ABŞ-ın Yuta ştatında yerləşən Stirlinq Fondunun dəvəti ilə 2020-ci ilin 8-12 mart tarixlərində həmin ştatda Azərbaycam multikulturalizmi modeli və dinlərarası dialoq mövzusuna həsr olunmuş beynəlxalq konfrans və bir sıra görüşlər keçirilib. BBMM-in icraçı direktoru Rəvan Həsənovun səfər təəssuratları barədə müsahibəsini təqdim edirik:
- Rəvan müəllim, yenicə qayıtdığınız Amerika səfərinin məqsədi nə idi?
-- Amerika səfərimizin əsas məqsədi Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri olan, eyni zamanda Azərbaycanın multikulturalizm modeli və dinlərarası harmoniya üzrə nadir təcrübəsinin ölkəmizin müsəlman, yəhudi və xristian din xadimləri, eləcə də dövlət qurumlarının təmsilçiləri vasitəsilə ştat rəsmiləri və ictimaiyyətinə çatdırmaq idi. Bunun üçün öncədən planlaşdırdığımız tədbirlərin sırasında ABŞ-ın Yuta ştatında yerləşən nüfuzlu “Sutherland” İnstitutu və Brigham Young Universitetlərində beynəlxalq konfranslar və müxtəlif görüşlər keçirməyi nəzərdə tuturduq. Bir məqamı xüsusi ilə vurğulamalıyam ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyətlərarası və dinlərarası dialoq mövzusundakı çağırışları və onun təşəbbüsü ilə 11 il öncə əsası qoyulmuş “Bakı Prosesi” haqqında müzakirələr də daha çox maraq və diqqət cəlb edirdi. Bu səfər çərçivəsində bir daha əmin olduq ki, ölkəmizin həyata keçirdiyi multikulturalizm siyasəti onun beynəlxalq nüfuzuna çox müsbət təsir göstərir. Bu tədbirlər çərçivəsində eyni zamanda ölkəmizin həqiqətləri, xüsusi ilə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktı daim vurğulandı.
-- Geniş bir heyətlə səfərdə oldunuz. Bu səfərin təşkilati tərəfi necə həyata keçirildi?
-- Artıq mətbuatdan da izlədiyiniz kimi nəzərdə tutulmuş səfər çərçivəsində iki böyük konfrans keçirildi. Eyni zamanda bir o qədər də vacib görüşlər təşkil olunmuşdur. Tədbirlərin əhəmiyyətini nəzərə alaraq, ölkəmizdəki dini tolerantlıq mühitinin konfrans iştirakçılarının diqqətinə çatdırılması məqsədi ilə Azərbaycandan səfər edən nümayəndə heyətinin tərkibində mənimlə bərabər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Elnur Əfəndiyev (Mifodi Ata) də təmsil olunub. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu multikulturalizm mövzusunda Yuta ştatında keçirilmiş ilk tədbirlər idi. Azərbaycandan da ilk nümayəndə heyətinin səfəri idi. Düşünürəm ki, artıq həmin ştatda ölkəmizi və onun multikulturalizm ənənələrini kifayət qədər yaxşı tanıyırlar.
-- Səfər çərçivəsində hansı görüşlər həyata keçirildi və tədbirlərin əhəmiyyəti nə oldu?
-- İlk olaraq, martın 9-da “Sutherland” İnstitutunda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbiri İnstitutunun prezidenti Rik Larsen (Rick Larsen) açdı. O, hər kəsi bu önəmli tədbirdə görməkdən məmnun olduğunu bildirdi. Daha sonra çıxış edən Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou (Ed Rowe) Azərbaycanın müxtəlif dini icmaları və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin Yuta ştatında ilk dəfə səfərdə olduğunu qeyd edərək, bunu tarixi səfər adlandırdı. O, öz çıxışında 20 il əvvəl Azərbaycanda yaşadığını və Azərbaycan xalqı və mədəniyyətinə heyran olduğunu vurğuladı.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın bu gün dinlərarası harmoniya və qarşılıqlı anlaşma üzrə bütün dünyaya örnək bir ölkə olduğunu qeyd edərək, ölkəmizdə insanların bir-birilərinin inanclarına hörmətlə yanaşdığını və bu müxtəlifliyi qəbul etdiyini və alqışladığını bildirib.
Daha sonra keçirilən müzakirələrdə mən və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev çıxış edərək, Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verdik. Biz Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını diqqətə çatdırdıq. Sonra panel iştirakçılarının çoxsaylı suallarını cavablandırdıq.
Mart ayının 10-da isə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri olan və Yuta ştatında yerləşən “Brigham Young” Universitetində (BYU) Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələrinə dair müzakirələr keçirildi. Universitetin nüfuzlu Kennedi Mərkəzində baş tutan tədbirdə bu ali təhsil ocağının müəllim və tələbə heyəti də iştirak edirdi. Tədbirdən əvvəl Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən film nümayiş olundu. Brigham Young Universitetinin Hüquq fakültəsinin Hüquq və Dini Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzinin direktoru professor Kol Durhamın (Cole Durham) açıq elan etdiyi tədbir müzakirələrlə davam etdi. Müzakirələr zamanı Azərbaycanda mövcud olan multikulturalizm, qarşılıqlı anlaşma və dinlərarası tolerantlıq mühitindən ətraflı söhbət açıldı, bu ənənələrin ölkəmizdə artıq dövlət siyasəti səviyyəsinə yüksəldildiyi vurğulandı. Natiqlər qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü qeyd etdilər.
Mart ayının 11-də isə nümayəndə heyətimiz Yuta ştatında yerləşən məscid, kilsə və sinaqoqlarda oldular. Burada da Azərbaycan dövlətinin dini ibadətgahlara heç bir fərq qoymadan göstərdiyi qayğı xüsusi ilə vurğulandı.
-- Rəvan müəllim, bir qədər də Amerika səfərinizin ən mühüm hissəsi Yuta Ştatının Senatındakı görüşləriniz və Azərbaycan multikulturalizmini təqdir edən bəyannamənin qəbulu ilə bağlı məlumat verərdiniz.
-- Martın 9-da ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycandakı dinlərarası tolerantlıq mühiti təsvir olunaraq, bu mühitin gücləndirilməsində Azərbaycan hökumətinin önəmli rolu vurğulanır. Yuta Ştat Senatının plenar iclasında qəbul edilən bəyannaməni Senator Cin Deyvis (Gene Davis) oxudu. Yuta Senatının sədri Stüart Adams çıxışında Azərbaycanın dünyada dini azadlıqlara göstərdiyi hörmətə və dinlərarası tolerantlığına görə tanındığını bildirdi. Bəyannamənin qəbulundan sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev plenar iclasda çıxış edərək, ölkəmizin multikulturalizm ənənələrini yüksək dəyərləndirdiyinə görə Yuta Senatına təşəkkür etdi, çətin bölgədə yerləşən Azərbaycanın bu gün dinlərarası harmoniya üzrə gözəl bir örnək olduğunu, ölkəmizdə müsəlman, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və qardaşlıq şəraitində birgə yaşadıqlarını vurğuladı. Nümayəndə heyəti, həmçinin Yuta Ştat Senatının sədri Stüart Adams (Stuart Adams), Yuta Ştat Nümayəndələr Palatasının spikeri Bred Uilson (Brad Wilson) və ştatın paytaxtı Solt Leyk Siti şəhərinin meri Erin Mendenhol (Erin Mendenhall) ilə görüşlər keçirərək, onları Azərbaycanın qədim tolerantlıq ənənələri və multikulturalizm modeli haqqında ətraflı məlumatlandırdı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti