Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
Bakı, 14 iyun
İyunun 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Milli Qurtuluş Gününün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik olmasından danışıb. Bildirib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin təməlini qoyduğu uğurlu strategiya nəticəsində strateji xətlə inamla irəliləyir, inkişaf edir.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə çıxış edərək dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 iyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldı, sabitlik və iqtisadi inkişaf təmin edildi. Onun işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Qeyd edilib ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və başqaları zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışıblar. Bildirilib ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, müasir dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.