Ermənistanla sülh sazişi və Azərbaycanın multikulturalizm siyasəti

Qlobal arenada Azərbaycan artıq multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bu, ilk növbədə ölkəmizdəki mövcud etnik və dini rəngarəngliyə, eləcə də multikultural həyat tərzi və dövlət siyasətinə istinad edir. Tarixən olduğu kimi bu gün də Azərbaycan Cənubi Qafqazın multikultural mühərriki rolunu oynayır. İkinci Qarabağ müharibəsindən sonra yaranmış post-konflikt şəraitində bu tendensiya daha dərindən müşahidə olunur.

Azərbaycan multikulturalizminin siyasi banisi Ulu Öndər Heydər Əliyev illər öncə bu dünyagörüşün siyasi-ictimai əsaslarını və strategiyasını müəyyən edərkən belə demişdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Umummilli Liderin siyasi davamçısı, Azərbaycanda multikulturalizmi dövlət siyasətinə çevirmiş Prezident İlham Əliyevin bu fikirləri də yuxarıdakı fikrin davamı kimi olduqca əhəmiyyətlidir: ”Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir… Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur”.

Həqiqətən də yuxarıda təsbit olunan əsaslandırmaların zəngin tarixi məzmunu və dərin kökləri var. Belə ki, Azərbaycan tarixən müxtəlif etnosların və dini icmaların birgə yaşadığı məmləkət olub, hazırda da belədir. Ölkəmizin tarixi boyu onlara qarşı heç zaman assimilyasiya və izolyasiya siyasəti yürüdülməyib.

Ermənilərin Cənubi Qafqaza gəlmə olduqları tarixi faktlarla sübuta yetirilib. Bu kütləvi köçürülmə siyasəti böyük imperiyaların siyasi maraqlarına xidmət göstərib. Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri belə bir tarixi miqarasiyaya təkan verməklə onu rəsmiləşdirib. Bu mənfur siyasət sayəsində XIX əsrin axırlarından etibarən ermənilər Azərbaycanın qədim ərazilərini mənimsəmək niyyətlərini açıq şəkildə izhar edərək faciələrə səbəb olublar. Bu kontekstdə 1905-ci ildə baş vermiş erməni-müsəlman davasını, 1918-ci ilin mart soyqırımını, 1920-ci ildən sonra ermənipərəst sovet siyasətçi və məmurlarının səyi ilə Zəngəzurun ermənilərə verilməsini, ən sonda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını misal gətirə bilərik. Ancaq 44 günlük zəfər,  Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Qarabağ münaqişəsinə birdəfəlik son qoydu. Beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti də artıq bu reallıqla barışıb. Bundan başqa, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmsı da tarixi yaddaşımızın bərpası ilə yanaşı, multikulturalizm siyasətinin də inkişafına təkan verəcək.

Azərbaycanın multikulturalizm modeli tərkibində ermənilərin etnik qrup kimi mövcudluğu multikultural təhlükəsizlik prinsipinə müvafiqdir. Ölkədəki etnik qrupların və konfessiyaların qorunması milli təhlükəsizlyin əsaslarından biridir.  Multikultural təhlükəsizliyi şərtləndirən əsas amil vahid dövlətdə etnik, dini rəngarəngliyin formalaşdırdığı multikultural situasiyanın qorunub saxlanması və inkişaf etdirilməsidır. 

 Azərbaycanda, rəsmi məlumata görə 18, qeyri-rəsmi məlumata görə isə 35-ə yaxın etnik qrup  yaşayır. Multikulturalizmin həyat tərzi və dövlət siyasəti kimi tətbiqi bu amildən çox asılıdır. Multikulturalizm siyasəti həm də ölkənin demokratik inkişafının tərkib hissəsidir. Azərbaycanda yaşayan etnik qrup və konfessiyaların  hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin mühafizəsi demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqlarının qorunması kontekstində ciddi əhəmiyyət kəsb edir. Konstitusiyamızın “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində deyilir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.

Məlum olduğu kimi, hazırda Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişinin imzalanması istiqamətində ciddi addımlar atılır. Xüsusilə Azərbaycan tərəfi bunun beynəlxalq hüquq və normalar çərçivəsində həll olunması üçün təkidli mövqe nümayiş etdirir. Son günlər Praqada Avropa İttifaqı və Fransa prezidentlərinin iştirakı ilə aparılan danışıqlar və birgə yekun bəyanatında göstərilən müddəalar belə deməyə əsas verir. Prezident İlham Əliyevin jurnalistlərə müsahibəsində siyasi uzaqgörənlik və böyük ədalətlə ifadə etdiyi məsələlər multikulturalizm aspektindən də xüsusi əhəmiyyət daşıyır: “Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.

Bu fikirlər dünya multikulturalizm mütəxəssislərinin tədqiqatlarında əsas məfhumlardan biri kimi vurğulanan “multikultural vətəndaşlıq” anlayışına tam uyğundur, qlobal multikultural araşdırmalar, bu sahədə elmi ədəbiyyat bu fikirləri dəstəkləyir. Şübhə yoxdur ki, imzalanacaq sülh sazişi bu mövzuları da ehtiva edəcək. Ermənistandan fərqli olaraq Azərbaycanın polietnik dövlət olması bunu vacib hala gətirir. Azərbycanda yaşayan ermənilər, xüsusilə Qarabağ erməniləri öz vətəndaşlıq hüquqularını bərpa edərək əvvəlki kimi Azərbaycan qanunlarına müvafiq şəkildə yaşayacaq, ölkədəki multikultural mühitə uyğunlaşacaqlar.

Sülh sazişini multikulturalizm aspektindən dəyərləndirmək üçün bu sahə üzrə məşhur tədqiqatçı Pol Duymoçelin “Müqayisəli multikulturalizm” məqaləsində qeyd etdiyi üçlü təsnifata istinad edə bilərik. Dyumoçelə görə, multikulturalizm termininin üçüncü mənası normativ xarakter daşımaqla çoxmədəniyyətli cəmiyyətin ədalət baxımından necə olmalı olduğunu göstərir. Alim bu anlamda multikulturalizm fenomeninin qorunmalı və inkişaf etdirilməli olduğunu vurğulayır, çünki bu, multikultural ədalətin normativ tələbidir. Dövlət “konstitusional vətandaşlıq” və “multikultural vətəndaşlıq” anlayışlarının tətbiqi yolu ilə ölkə daxilində birgə yaşayan milli və dini icmaların mühafizəsini, onların mədəniyyətlərinin inkişafını təmin etməlidir. Multikulturalizmin bu elmi əsasları kontekstində inana bilərik ki, Azərbaycanın tərkibində yaşayacaq erməni etnik  qrupu bağlanası sülh sazişi nəticəsində yenidən öz multikultural və konstitusional vətəndaşlığını qazanacaq. Bu, dünyaca məşhur tədqiqatçıların təbliğ və təqdim etdikləri multikulturalizm meyarlarına da uyğundur.

Azərbaycanın 44 gündə qazandığı qələbə, bunun ardınca post-konflikt dövründə əldə etdiyi siyasi uğurlar multikulturalizm aspektindən də mühümdür, çünki dövlət başçımız İlham Əliyevin strateji siyasi qərarları nəticəsində Azərbaycan multikulturalizm mərkəzlərindən biri olduğunu getdikcə daha artıq sübuta yetirməkdədir. Hərbi-siyasi qalibiyyətlə multikulturalizm siyasətinin bir bütün şəkildə təqdimi bu baxımdan olduqca əhəmiyyətlidir. Bağlanası sülh sazişi həm də Azərbaycanın multikultural normativ ədalət anlayışına necə sadiq olduğunu bütün dünyaya bir daha göstərəcək. Barışıqdan sonra Azərbaycanda yaşayan digər etnik və dini qruplar kimi erməni etnosu da bərabərhüquqlu multikultural vətəndaşlıq statusuna malik olacaq.

Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru

Etiketlər